Cari ilin may ayının 4-də Prezident İlham Əliyev Prezidentin Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Zəngilan rayonunda xüsusi nümayəndəsinin təyin olunması ilə bağlı videoformatda onu qəbul etmiş və fikirlərini bildirmişdir. Prezident bildirmişdir ki, Zəngilan rayonu azad edilmiş digər rayonlarımız kimi böyük dağıntılara məruz qalmışdır. Ermənistan işğalçı qüvvələri Zəngilan rayonunu demək olar ki, yerlə-yeksan etmişlər. Zəngilan şəhərində cəmi 1-2 salamat bina qalıb, o binalardan da Ermənistan işğalçı hərbçiləri istifadə etmişlər.
Artıq Zəngilan rayonunda tarixi-dini abidələrinin bərpası işləri həyata keçirilir. Heydər Əliyev Fondunun maliyyə dəstəyi ilə Zəngilan şəhər məscidi indi əsaslı şəkildə təmir olunur. Bu məsciddən cəmi bir divar qalmışdı. Zəngilanda mövcud olan acı mənzərə azad edilmiş bütün başqa torpaqlarda da eynidir.
Dövlətin qarşısında duran əsas məsələ keçmiş məcburi köçkünlərin azad edilmiş torpaqlara tezliklə qa ıtmasıdır. Zəngilan birinci rayondur ki, keçmiş məcburi köçkünlər tezliklə oraya qayıdacaqlar. Birinci pilot layihə Zəngilanın Ağalı kəndində həyata keçirilir. Ağalı kəndi faktiki olaraq yenidən qurulur, böyük və rahat kənd olacaqdır. Ağalı kəndinin timsalında hər kəs işğaldan azad olunmuş ərazilər ilə bağlı Azərbaycanın planlarını görə bilər. Təhlükəsizlik, rahatlıq, rifah, məşğulluq və gələcək inkişaf əsas amillərdir. Burada da dövlət nə mümkünsə edir, bütün güclər səfərbər olunmuşdur. Maliyyə vəsaiti səfərbər edilib. Keçən il və bu il bu məqsədlər üçün hər il üzrə 2,2 milyard manat vəsait nəzərdə tutulub, yəni, toplam 4,4 milyard manat.
Hazırda Zəngilan rayonunda böyük infrastruktur layihələri icra edilir. Onların arasında Zəngəzur dəhlizinin tərkib hissəsi olan nəqliyyat infrastrukturudur. Bu il Zəngilan Beynəlxalq Hava Limanı istismara veriləcəkdir. Bu hava limanının çox böyük funksiyaları olacaqdır. Zəngilan beynəlxalq nəqliyyat-logistika mərkəzi kimi inkişaf etməlidir. Rayonun yerləşməsi, beynəlxalq bazarlara yaxın olması və digər amillər bunu təmin edəcək. Dörd və altı zolaqdan ibarət olan avtomobil yolu sürətlə inşa olunur. Zəngilan rayonunun ərazisindən keçən həm dəmir yolu, həm avtomobil yolu nəinki Azərbaycanın əsas hissəsini Naxçıvan Muxtar Respublikası ilə birləşdirəcək, eyni zamanda, beynəlxalq yükdaşımaları üçün yeni beynəlxalq bir yol olacaqdır.
Rayonun loqistik əhəmiyyətini daha da gücləndirmək məqsədilə Zəngilandan Qubadlıya və Qubadlıdan Laçına bir çox zolaqdan ibarət yol çəkilir. Bu yol Şərqi Zəngəzur iqtisadi rayonundakı rayonlar arasında birləşməni təmin edəcəkdir. Horadizdən Ağbəndə gedən dəmir yolunun inşası sürətlə aparılır. Bu dəmir yolunun həm vətəndaşlar, həm də beynəlxalq yükgöndərənlər üçün çox əlverişli bir infrastruktur olacağı nəzərdə tutulmuşdur.
Açılması proqnozlaşdırılan Zəngəzur dəhlizi yeni nəqliyyat dəhlizi açılacaqdır. Son vaxtlar Azərbaycana Xəzər dənizinin Şərq hissəsindən çoxlu müraciətlər daxil olub. Azərbaycan ərazisindən yük göndərmək istəyənlərin həm sayı, həm də yüklərin həcmi artır. Təqribən 10-15 il ərzində nəqliyyat sektorunun inkişafına böyük əhəmiyyət verilib. Bu gün Azərbaycan istənilən yükü qəbul və onu tranzit kimi ötürə bilir və Azərbaycanın imkanları daha da artacaqdır.
Işğaldan azad edilmiş əerazilərə qayıdacaq əhalinin məşğulluğu vacib məsələlərdən biridir. Ağalı kəndində bu məsələ nəzərdə tutulub və bu il orada yeni müəssisələrin yaradılması planlaşdırılıb. Keçmiş məcburi köçkünlər Ağalı kəndinə qayıdan zaman artıq orada işlə məşğul olmaq üçün imkanlar olacaqdır. Zəngilan rayonunda əsas məşğulluq və iqtisadiyyatın əsas hissələrindən biri də aqrar sahə olmalıdır. Azad edilmiş torpaqlarda kənd təsərrüfatı ilə bağlı çox böyük planlar var. Ərzaq təhlükəsizliyi ön plandadır. Son illərdə bu istiqamətdə bir çox işlər görülüb. Ancaq hələ ki, Azərbaycan özünü 100 faiz ərzaqlıq buğda ilə və bütövlükdə taxılla təmin edə bilmir. Burada əsas məsələ həm məhsuldarlıq, həm sudan düzgün istifadə edilməsi, eyni zamanda, azad olunmuş torpaqlarda əkin yerlərinin düzgün seçilməsi və orada aqrotexniki xidmətin göstərilməsidir.
Işğaldan azad edilmiş ərazilərin təbii iqlimi və coğrafiyası elədir ki, orada heyvandarlıqla genişmiqyaslı məşğul olmaq olar. Keçən il “DOST Aqropark” adlandırılan aqroparkın təməli qoyulmuşdur. Azad edilmiş torpaqlarda aqroparkların sayı çox olacaqdır. Kəndlər planlı şəkildə bərpa ediləcək. Hər bir yeni yaradılacaq, bərpa ediləcək kəndin baş planı olmalıdır və baş planlar hazırda hazırlanır. Azad edilmiş bütün torpaqlarda görüləcək bütün işlər ancaq baş planlar əsasında həyata keçiriləcəkdir.
Məlumdur ki, Ermənistan işğal dövründə işğal altında olan torpaqların ekologiyasına da böyük zərər vurmuşdur. Əlli-altmış min hektar meşə ilə örtülü sahə tamamilə məhv edilmişdir. Xüsusilə Kəlbəcər, Laçın, Zəngilan və Qubadlı rayonlarında meşələrin kütləvi surətdə qırılması prosesi getmişdir. Avropada ərazisinə görə ikinci ən böyük çinar meşəsi Zəngilan rayonunda olan Bəsitçay təbiət qoruğunun böyük hissəsi məhv edilmişdir. Bəsitçay təbiət qoruğunun bərpası artıq başlanıb. Ermənistan Zəngilandakı və digər rayonlardakı qızıl və digər qiymətli metallar yataqlarını da vəhşicəsinə istismar etmişdir. Oxçuçay da Ermənistanın ekoloji terroruna məruz qalmışdır.
Ermənistan dövləti törətdiyi bütün cinayətlərə görə məsuliyyət daşımalıdır. Dəymiş bütün ziyan hesablanır, bütün şəhər və kəndlərimizin pasportlaşdırılması prosesi gedir. Hər bir binanın, yaxud da ki, o binadan qalan dağıntıların video-foto çəkilişi aparılır. Bu, sübutdur və Azərbaycan beynəlxalq məhkəmələrə müraciət edəcəkdir.
Zəngilan rayonunda gözəl meşələr, dağlar, bulaqlar, çaylar və beynəlxalq hava limanı, dəmir yolu, avtomobil yolları gələcəkdə burada güclü turizm potensialının olacağına dəlalət edir. Zəngilan rayonunun turizm potensialı, əlbəttə ki, digər rayonlarda yaradılacaq turizm imkanları ilə də uzlaşdırılmalıdır. Otellər, istirahət zonaları yaradılmalı, kənd turizmi inkişaf etdirilməlidir. Çünki bu oraya qayıdacaq insanlar üçün məşğulluq və gəlir mənbəyi olacaqdır.
Ramazanova Aysel - "Odlar Yurdu" Universitetinin tələbəsi, Nərimanov rayonun könüllüsü