Bu gün AFFA-nın Lisenziya Komissiyasının iclası keçirilib.
MilliYol.Az xəbər verir ki, iclasda 2022-2023-cü il mövsümündə UEFA-nın klub yarışlarında və Azərbaycan Premyer Liqasında iştirak etmək üçün müraciət edən klubların sənədlərinə baxılıb.
AFFA-nın Lisenziya Komissiyası klubların lisenziyalaşdırılması üzrə qaydaların (Buraxılış 2021) 8-ci maddəsinə əsaslanmış müzakirələrdən sonra müvafiq qərarlar verib. Nəticədə “Turan Tovuz”la “Kəpəz” Premyer Liqaya buraxılıb.
1. UEFA-nın klub yarışlarında iştirak etmək üçün aşağıdakı klublara lisenziya verilsin: "Qarabağ" FK, "Neftçi" PFK, “Zirə” PFK, “Şamaxı” FK, “Sabah FK”, "Qəbələ" İK
2. UEFA-nın klub yarışlarında iştirak etmək üçün aşağıdakı klublara lisenziya verilməsin: “Səbail” PFK, “Sumqayıt” FK
3. Premyer Liqa yarışlarında iştirak etmək üçün aşağıdakı klublara lisenziya verilsin: “Səbail” PFK, “Sumqayıt” FK, “Kəpəz” PFK, “Turan Tovuz” PFK
4. Premyer Liqa yarışlarında iştirak etmək üçün aşağıdakı klublara lisenziya verilməsin: “Qaradağ-Lökbatan” FK, “Zaqatala” FK, MOİK
Lisenziya iddiaçısı lisenziya ilə bağlı imtina barədə verilmiş bildiriş tarixindən etibarən 10 gün müddətində AFFA-nın Lisenziyalaşdırma üzrə Apellyasiya Komitəsinə apellyasiya şikayəti verə bilər.
Qeyd edək ki, “UEFA-nın klub yarışlarında iştirak etmək üçün Azərbaycan Futbol Klublarının Lisenziyalaşdırılması üzrə qaydaların (Buraxılış 2021) 13-cü maddəsinə müvafiq olaraq, 2022-2023-cü il mövsümündə UEFA-nın klub yarışlarında iştirak etmək üçün lisenziya almış klublar avtomatik olaraq eyni mövsüm üçün Azərbaycan Premyer Liqa yarışlarında iştirak etmək üçün lisenziya almış hesab olunur.