Məlum olduğu kimi, mayın 1-dən etibarən Azərbaycan Respublikasında tibbi maskalardan məcburi istifadə olunması tələbi ləğv edilib. İki ildən sonra maskasız həyata geri qayıdan vətəndaşlar bu xəbəri böyük sevinclə qarşılayıblar. Yazılan cərimələr isə hələ də mübahisəli mövzu olaraq qalır.
Tibbi maskanın ləğvindən sonra ona görə yazılan cərimələrin də ləğvi gözlənilirmi?
Hüquqşünas Səbuhi Axundovun sözlərinə görə, cərimələrin ləğv olunması gözlənilmir. O, Bizim.Media-ya açıqlamasında bu düşüncənin yanlış olduğunu bildirib:
“Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi (epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) var və həmin 211-ci maddə İXM-dən çıxarılmadıqca tibbi maskalara görə tətbiq edilmiş cərimələrin də silinməsi hüquqi cəhətdən mümkün deyil”.
Hüquqşünas cərimələrin ödənilməsinin vacib olduğunu bildirib:
“Qərar qüvvəsini alıbsa, onun icrası artıq məcburidir. Bu günə qədər protokol təyin olunduğu halda qərar yoxdursa, o halda qanunda bu qaydanın dəyişdirilməsi mümkündür. Faktiki olaraq bu gün cərimə olunanlarla bağlı qərar qəbul olunub və artıq əksəriyyəti də icra olunmaqdadır. Buna görə də hər-hansı qərarın ləğvi mümkün deyil və cərimələr ödənilməlidir”, - deyə S.Axundov fikirlərini tamamlayıb.