Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə son günlərdə İsveç və Danimarkada “Qurani-Kərim” kitabının yandırılmasına münasibət bildirib.
MilliYol.az-ın xəbərinə görə, o bildirib ki, dini zəmində qarşıdurmaya təşviq edən nifrət çağırışlarının əyani sübutu son günlərdə İsveç və Danimarkada müqəddəs “Qurani-Kərim” kitabının yandırılması cəhdləridir.
“Biz bunu çirkin əməl kimi qınayır, söz azadlığı və din pərdəsi altında hər hansı radikalizm təzahürlərini, eləcə də ksenofobiya, antisemitizm, islamofobiya və xristianofobiyanı, xüsusilə də dinlərin müqəddəs məkanları, dəyərləri və atributlarının təhqir olunması hallarını qətiyyətlə pisləyirik. Bu mövqenin beynəlxalq təşkilatların kürsüsündən, Avropa Şurası platformasından təbliği vacibdir. Qəbul edilməlidir ki, təhlükə dindən deyil, dinin siyasiləşdirilməsi, din adından siyasi məqsədlər üçün sui-istifadə olunmasından gəlir. Din və siyasət xadimlərinin sülh naminə beynəlxalq platformalarda birgə əməkdaşlığı zamanın tələbidir. Zati-Müqəddəsləri Roma Papası Fransiskin bununla əlaqədar dünya birliyinə etdiyi çağırışına hamımız qoşulmalıyıq: “...bəsdir, dayanın, silahlar sussun, sülh işi ilə məşğul olaq!”. Ümidvaram ki, bu təşəbbüslər beynəlxalq müstəvidə qarşılıqlı anlaşma mühitinin möhkəmlənməsinə xidmət edəcəkdir, İnşallah!”, - QMİ sədri vurğulayıb.