Səfir Elmira Axundova Azərbaycan səfirliyinin Kiyevdə işini tam həcmdə nə vaxt bərpa edəcəyi ilə bağlı məsələyə münasibət bildirib.
Elmira Axundova APA-ya açıqlamasında səfirliyin fəaliyyətinin tezliklə bərpa olunacağına ümidini ifadə edib.
"Ümid edirik ki, səfirlik Kiyevdə fəaliyyətini tezliklə bərpa edəcək", - səfir vurğulayıb.
Elmira Axundovanın sözlərinə görə, “Xəmsə” adlı heykəltəraşlıq kompozisiyası Xarkovdan Kiyevə təxliyə edilib.
Səfiri deyib ki, bir il əvvəl Heydər Əliyev Fondunun təşəbbüsü ilə tanımış heykəltəraş, Ukraynanın Xalq Rəssamı Katib Məmmədov Nizami Gəncəvinin “Xəmsə” heykəltəraşlıq kompozisiyasını hazırlamağa başlayıb:
"Həmin möhtəşəm heykəl bu ilin yazında Kiyevin mərkəzində, Taras Şevçenko Universitetinin Nəbatat bağında quraşdırılmalı idi. Lakin müharibə bütün planları pozdu. Beləliklə, ötən günlərdə biz bu şah əsəri güclü bombardman altında olan Xarkovdan Kiyevdə daha təhlükəsiz yerə daşıya bildik. Kiyev meri, dostumuz Vitali Kliçkoya və Taras Şevçenko adına Milli Universitetinin rektoru Vladimir Buqrova göstərilən köməyə görə təşəkkür edirəm. İnanırıq ki, tezliklə silahlar susanda bu abidə Ukraynanın paytaxtında öz layiqli yerini tutacaq".