Aprelin 17-də “Atəşgah” Dövlət Tarix-Mədəniyyət qoruğunda “Zərdüştlüyə fəlsəfi baxış” adlı seminar keçirilib. “Sarr Group”-un və “Atəşgah” qoruğunun birgə təşkilatçılığı və dəvəti ilə baş tutan seminarda Bakı Fəlsəfə Akademiyasının üzvləri, Türkiyənin Ondokuz Mayıs Universitetinin magistrantı Qoşqar Abbas və Bakı Dövlət Universitetinin doktorantı Araz Əliyev çıxış ediblər.
Qoruq rəhbərliyi, işçi heyət, tələbələr və çoxsaylı qonaqların iştirak etdiyi seminarda Akademiya üzvləri tərəfindən Zərdüştlüyün tarixi və ideya əsasları barədə məlumat verilib. Zərdüştlüyün müqəddəs kitabı hesab olunan “Avesta” və orada əks olunan fəlsəfi fikirlərə toxunulub. Zərdüştlüyün fərdi, fərdin seçim azadlığını və düşüncəni ən ali dəyər hesab edən fəlsəfi sistemi barədə söhbət açılıb.
Akademiya üzvlərindən Aqşin Aşırov Zərdüştlük təkcə din yox, həm də özünməxsus düşüncə sistemi olduğunu qeyd edib. Onun sözlərinə görə, Azərbaycanda fəlsəfi düşüncənin formalaşmasında və inkişafında Zərdüştün və Zərdüştlüyün yeri olduqca önəmlidir. Bu gün, xüsusilə belə bir məkanda Zərdüştlüyün fəlsəfəsindən danışmaq, bu düşüncə ənənəsini yenidən gündəmə gətirmək, insanlara Zərdüştlüyün unudulmuş tərəflərini xatırlamaq xüsusilə sevindirici bir haldır.
Bu cür seminar və təlimlərin davamlı olacağını qeyd edən Akademiya üzvləri, başlanğıcın tarixi ənənədən qaynaqlanmasının əhəmiyyətini vurğulayıblar. Bu gün Zərdüştlüyün tarixi mərkəzlərindən biri məhz Bakıda yerləşdiyini qeyd edən Qoşqar Abbas, adından da göründüyü kimi, Bakı Fəlsəfə Akademiyasının ilk seminarlarını Zərdüştlüyün fəlsəfəsinə həsr etməklə bu tarixi irsə öz hörmətini nümayiş etdirdiyini xatırladıb.
Seminardan sonra Akademiya üzvləri və qonaqların iştirakı ilə Atəşgah məbədinin daxilində ekskursiya təşkil olunub, ədəbi od kompleksi ziyarət edilib. Atəşgah məbədinin tarixi, burada icra olunan dini ayinlər və məbədin daxilində yerləşən hücrələr barədə qonaqlara ətraflı məlumat verilib.
Qeyd edək ki, seminar Bakı Fəlsəfə Akademiyasının Zərdüştlüyə həsr olunan sayca ikinci tədbiridir. Akademiya aprelin 10-da “Yanar dağ” Dövlət Qoruğunda “Zərdüşt belə deyirdi” adlı ilk seminarını keçirmişdi.
Bakı Fəlsəfə Akademiyası fəlsəfə, sənət, humanitar elmlər və bir çox digər sahədə yazı, video material, məqalə, tərcümə və blog yayımlayan çox məzmunlu düşüncə platformasıdır. Akademiya bir qrup gənc tədqiqatçı tərəfindən yaradılıb və əsas məqsədi Azərbaycanda fəlsəfənin inkişafına töhvə vermək, bu istiqamətdə tədbirlərin və təlimlərin təşkilini, video tərcümə, səsləndirmə, kitab və xarici dildəki məqalələrin tərcüməsini həyata keçirməkdir.
Akademiya yaxın gələcəkdə də öz seminar və təlimlərini davam etdirməyi planlaşdırır.