"Rusiya Federasiyası ilə sülh müqaviləsi iki ayrı sənəddən ibarət ola bilər".
Qaynarinfo Unian-a istinadən xəbər verir ki, bu sözləri Ukrayna Prezidenti Volodimir Zelenski deyib.
Dövlət başçısının sözlərinə görə, onlardan biri Ukraynanın təhlükəsizliyinə təminat, digəri isə birbaşa Rusiya ilə münasibətlərlə bağlı olmalıdır:
"Düşünürəm ki, bu, iki fərqli sənəd ola bilər. Biri təhlükəsizlik zəmanətinə hazır olan ölkələrin təhlükəsizlik zəmanəti ilə bağlı... Və Rusiya ilə ayrıca sənəd imzalana bilər".
Prezident qeyd edib ki, Moskva bütün məsələlərin həllini ehtiva edən bir razılaşma əldə etmək istəyir:
"Lakin hamı özünü Rusiya Federasiyası ilə masa arxasında tam görmür. Onlar üçün Ukraynanın təhlükəsizlik təminatları bir məsələdir, Rusiya ilə razılaşmalar isə başqa bir məsələ".
"Rusiya hər şeyin bir sənəddə olmasını istəyir, amma insanlar Buça və Borodyankada baş verənləri gördülər. Bu zaman vəziyyət dəyişir" deyə Zelenski əlavə edib.
Prezident qeyd edib ki, Böyük Britaniya, ABŞ, İtaliya və Türkiyə Ukraynanın təhlükəsizliyinin qarantı olmağa hazır olduqlarını nümayiş etdirir. Lakin hələ də heç kimdən yekun cavab yoxdur.
Zelenski dövlətə xəyanətdə şübhəli bilinən xalq deputatı Viktor Medvedçukla da bağlı danışıb. Prezident bildirib ki, Rusiya maraqlı olsa, Ukrayna onun hərbi əsirlərlə dəyişdirilməsi təklifinə reaksiya verəcək:
"Biz Medvedçuku dəyişməyə hazırıq. Əgər onlar maraqlansalar, mütləq cavab verəcəyik".
Qeyd edək ki, Ukrayna Ali Radasının sabiq deputatı Viktor Medvedçuk aprelin 12-də Ukrayna Təhlükəsizlik Xidməti tərəfindən saxlanılaraq həbs olunub. O, uzun illərdir ki, Ukraynada Rusiya maraqlarını müdafiə edən siyasətçilərdən olub. Medvedçukun Rusiya ilə əlaqələri sadəcə siyasi müstəvidə deyil. Belə ki, Rusiya prezidenti Vladimir Putin onun kiçik qızı Daryanın xaç atasıdır.
Aprelin 13-də Lvovun Lıçakovski Rayon Məhkəməsi Medvedçukun və həyat yoldaşı Oksana Marçenkonun 154 daşınar və daşınmaz əmlakına həbs qoyub.