Prezident İlham Əliyev Xalq artisti Rauf Hacıyevin 100 illik yubileyinin qeyd edilməsi haqqında sərəncam imzalayıb.
MilliYol.az-ın xəbərinə görə, sərəncam görkəmli bəstəkar Rauf Hacıyevin Azərbaycanda musiqi mədəniyyətinin inkişafında təqdirəlayiq xidmətləri nəzərə alınaraq imzalanıb.
Mədəniyyət Nazirliyinə Xalq artisti Rauf Hacıyevin 100 illik yubileyi ilə bağlı tədbirlər planı hazırlayıb həyata keçirmək, Nazirlər Kabinetinə Sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.
Qeyd edək ki, 2022-ci ilin may ayında görkəmli Azərbaycan bəstəkarı, SSRİ Xalq artisti Rauf Soltan oğlu Hacıyevin anadan olmasının 100 illiyi tamam olur.
Rauf Hacıyev rəngarəng yaradıcılıq palitrasına malik sənətkar kimi Azərbaycanın musiqi mədəniyyəti tarixində özünəməxsus yer tutur. Müxtəlif janrlarda çox sayda qiymətli əsərlər, o cümlədən simfoniya, oratoriya və kantatalar meydana gətirən bəstəkara uğurlu səhnə təcəssümü tapmış operettaları xüsusilə geniş şöhrət qazandırmışdır. Rauf Hacıyevin milli motivlərlə müasir üslubun vəhdətində yaratdığı vətənpərvər ruhlu lirik mahnılar məşhur ifaçıların repertuarına daxil olmuş və Azərbaycan mahnı janrının inkişafında əhəmiyyətli rol oynamışdır. Onun sənətinin yüksək bədii keyfiyyətləri həmçinin kinofilmlər və teatr tamaşaları üçün bəstələdiyi musiqi lövhələrində aydın təzahürünü tapmışdır. Rauf Hacıyev respublikanın mədəni həyatında yaxından iştirak etmiş və səmərəli ictimai fəaliyyəti ilə tanınmışdır.