Parlamentin bu gün keçirilən plenar iclasında Elman Rüstəmovun Mərkəzi Bankın İdarə Heyətinin üzvlüyündən azad edilməsi haqqında Milli Məclisin qərar layihəsi müzakirəyə çıxarılıb.
MilliYol.az xəbər verir ki, məsələ barədə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili məlumat verib.
O bildirib ki, komitənin ötən gün keçirilən iclasında Elman Rüstəmovun Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin üzvlüyündən azad edilməsi ilə bağlı Prezidentin təqdimatı deputatlar tərəfindən müsbət qarşılanıb.
Milli Məclisin qərar layihəsi səsverməyə çıxarılaraq qəbul olunub və Elman Rüstəmov Mərkəzi Bankın İdarə Heyətinin üzvlüyündən azad edilib.
Həmçinin Taleh Kazımovun Azərbaycan Mərkəzi Bankı İdarə Heyətinin üzvü vəzifəsinə təyin edilməsi haqqında Milli Məclisin qərar layihəsi müzakirəyə çıxarılıb.
Məsələ barədə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili məlumat verib. Komitə sədri Taleh Kazımovun iş təcrübəsi və peşə keyfiyyətləri barədə məlumatları deputatların diqqətinə çatdırıb. Onun ölkənin bank sistemindəki xidmətlərindən, əldə etdiyi nailiyyətlərdən bəhs edib.
T.Mirkişili Mərkəzi Bank və Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi arasında sıx əlaqələrin olduğunu, bir sıra məsələlərin həllində faydalı əməkdaşlıq etdiklərini qeyd edib və bunun gələcəkdə uğurla davam edəcəyini söyləyib.
Sonra məsələ səsverməyə çıxarılaraq qəbul edilib.
Qeyd edək ki, E.Rüstəmov hazırda Azərbaycan Mərkəzi Bankın İdarə Heyətinin üzvü və sədridir. O, İdarə Heyətinin üzvlüyündən azad edilməklə həm də AMB sədrliyindən də azad olunacaq. Bu il 70 yaşı tamam olacaq E.Rüstəmov 1995-ci ilin yanvar ayından Mərkəzi Bankın rəhbəri idi.