Türkiyənin Qırmızı Aypara Cəmiyyəti Ramazan yardımları çərçivəsində Azərbaycanda 4 minə yaxın ailəyə çatdıracağı yardım bağlamalarını paylamağa başlayıb.
MilliYol.az xəbər verir ki, Türk Qızıl Aypara Cəmiyyətinin hazırladığı ərzaq bağlamaları Türkiyə və Azərbaycan rəsmilərinin iştirak etdiyi mərasimdən sonra Bakıdan yük maşınlarına yüklənərək müxtəlif rayonlarda yaşayan şəhid ailələrinə və ehtiyac sahiblərinə göndərilib.
Bağlamalar Azərbaycan Qızıl Aypara Cəmiyyətinin könüllülərinin də töhfəsi ilə ehtiyac sahiblərinə çatdırılacaq.
Türk Qırmızı Aypara Cəmiyyətinin Qafqaz Regional Qrupunun rəhbəri Semih Paslı bildirib ki, bağlamaları bölgələrdə qapı-qapı gəzərək çatdırmağı planlaşdırırlar.
Ərzaq bağlamalarının çox zəngin olduğunu deyən S.Paslı onları 4 minə yaxın adama çatdırmağı hədəflədiklərini qeyd edib.
Azərbaycan Qızıl Aypara Cəmiyyətinin icraçı katibi Ceyhun Mirzəyev Türk Qırmızı Aypara Cəmiyyəti ilə “bir millət, iki dövlət” prinsipi ilə əməkdaşlıq etdiklərini bildirib.
Türk Qırmızı Aypara Cəmiyyətinin Azərbaycanda bir çox fəaliyyətlər həyata keçirdiyini xatırladan Mirzəyev “Azad olunmuş rayonlarda da silsilə layihələrin həyata keçirilməsi nəzərdə tutulur. Həmin bölgələrdə Azərbaycan Qızıl Aypara Cəmiyyətinin (Türk Qırmızı Aypara Cəmiyyətinin dəstəyi ilə) filiallarının bərpa olunması gündəmdədir”, - deyib.