"Leykozlu Uşaqlara Dəstək" ictimai birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə Masallı rayonunda “Regionlarda talassemiya və qohum nikahlarının səbəb olduğu genetik xəstəliklər barədə maarifləndirmə tədbirlərinin keçirilməsi” adlı layihəsi çərçivəsində tədbir keçirib.
MilliYol.az xəbər verir ki, tədbirdə 30-dan çox rayon sakini iştirak edib. Tədbiri giriş sözü ilə açan Masallı Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Nahid Həsənov talassemiya və qohum nikahların səbəb olduğu genetik xəstəliklərlə bağlı əhalinin maaifləndirilməsinin əhəmiyyətindən danışıb. Regionlarda maarifləndirmə tədbirlərinin keçirilməsinin əhali üçün faydalı olmasını qeyd edib.
"Leykozlu Uşaqlara Dəstək" ictimai birliyinin sədr müavini Emin Nəbili təşkilatın 10 ildən artıqdır ki fəaliyyət göstərdiyinin tədbir iştirakçılarının diqqətinə çatdıraraq, həyata keçirilən layihələr barədə məlumat verdi. Emin Nəbili layihənin məqsədinin talassemiya və qohum nikahlarının səbəb olduğu genetik xəstəliklərin yayılmasının qarşısının alınması üçün dövlətin gördüyü işlərə ictimai dəstək məqsədi daşıdığını qeyd etdi. Talassemiya və qohum nikahlarının səbəb olduğu genetik xəstəliklərin yayılmasının qarşısının alınması məqsədi ilə dövlət tərəfindən müvafiq işlər görüldüyünü bildirən E.Nəbili bu xəstəliklərinin qarşısının alınması üçün əhalinin maarifləndirilməsinə ehtiyac olduğunu bildirdi: “Talassemiyanın yayılmasının qarşısını alınması üçün Prezident İlham Əliyev tərəfindən 2005/2010, 2010/2015 və 2015/2020-ci illəri əhatə edən sərəncamlar imzalanıb. Bu dövlət proqramları talassemiyanın profilaktikasının gücləndirilməsinə, əhali arasında maarifləndirmə işlərinin aparılmasına və talassemiyalı xəstələrə göstərilən tibbi yardımın təkmilləşdirilməsinə yönəlib.”
Layihə rəhbəri qohum evliliklərin talassemiya və digər irsi xəstəliklərin yaranmasına səbəb olduğunu vurğuladı: “Talassemiyalı xəstələr ay ərzində ən azı bir dəfə qan transfuziyası alırlar. Aldıqlar qan kifayət qədər olmadıqda orqanlarda müxtəlif fəsadların yaranmasına səbəb olur. Artıq Azərbaycanda da talassemiyalı xəstələrin müalicəsi üçün dövlət hesabına sümük iliyi transplantasiyası həyata keçirilir.”
Tədbirdə ekspert kimi iştirak edən Milli Hematologiya və Transfuziologiya Mərkəzinin uşaq hematologiya şöbəsinin həkimi Nailə Babayeva talassemiya və genetik xəstəliklərin yayılma səbəbləri, müalicə və müayinəsi barədə tədbir iştirakçılarına məlumat verdi: “Leykemiya uşaqlarda və yeniyetmələrdə ən çox rast gəlinən xərçəng növü sayılır. Leykemiya qanyaradıcı sistemin xərçəng xəstəliyidir və yetişməmiş qan hüceyrələrinin həddindən artıq çoxalması nəticəsində əmələ gəlir. Qanın tərkibində sağlam leykositlərin, eritrositlərin və trombositlərin kəskin azalması baş verir. Bu bəla xalq arasında “ağ qan qırmızı qanı yeyir” ifadəsi ilə məşhurdur. Onun yaratdığı fəsadlar müalicə edilmədikdə qısa vaxtda ölümlə nəticələnə bilər. Amma digər bütün xərçənglərdə olduğu kimi yoluxucu deyil. Yəni eyni evdə yaşamaqla, eyni məktəbə getməklə yoluxmur. Leykoz xəstələrinin maska taxmasına səbəb isə müalicə müddətində onların immunitetlərinin zəifləməsidir. Yəni həmin xəstələrin immuniteti zəif olduğuna görə infeksiyalar tənəffüs yolları ilə orqanizmə daxil olur.”
Sonda Nailə Babayeva iştirakçıları maraqlandıran suallara cavab verdi.