Andrey Piontkovski
Rusiyalı politoloq və publisist
İndi Kremldə "quduzlarla” "praqmatiklər” arasında mübarizə gedir və praqmatiklər anlayırlar ki, Xarkovu-filanı ala bilməyəcəklər.
Rusiyanın taktikasını dəyişməsi faktı artıq martın 25-də Rusiya Federasiyası Silahlı Qüvvələri Baş Qərargahının Baş Əməliyyat İdarəsinin rəisi general Sergey Rudskoyun çıxışından sonra aydın oldu. Hətta deyərdim ki, bu çıxış özünəməxsus şəkildə sensasion idi. Onun səsləndirdiyi fikirlər Ali Baş Komandanın (Vladimir Putin nəzərdə tutulur-red.) səsləndirdiyi müharibənin məqsədləri ilə fərqlənir. Generalın sözlərinə görə, Rusiya şəhərləri işğal etmək fikrində olmayıb və bunu heç vaxt planlaşdırmayıb, vəzifə yalnız DLVAR-ın (Donetsk və Luqansk vilayətlərinin ayrı-ayrı rayonları, Ukrayna dilində qısaca ORDLO-red.) müstəqilliyini gücləndirmək, onu Ukraynanın Luqansk və Donetsk vilayətlərinin sərhədlərinə qədər genişləndirməkdən ibarət olub. Daha sonra çoxları bu sözləri Ukrayna tərəfinin sayıqlığını azaltmaq üçün bir növ aldadıcı manevr kimi qəbul etdi. Lakin bu, həqiqətən də qoşunların Kiyev və Çerniqov vilayətlərindən çıxarılması ilə müşayiət olundu.
Fakt budur ki, Rusiya Federasiyasının Baş Qərargahında hərbi ekspertlər çoxdan dərk ediblər (Rudskoyun çıxışı buna əyani sübutdur) və onlar bunu Baş komandana da çatdırıblar ki, qarşıya qoyulan vəzifələrin - bütün Ukraynanın işğalı və qondarma denasifikasiyanın icrası qeyri-mümkündür. Ordu bu əməliyyatların həyata keçirmək iqtidarında deyil. Bu, Rusiyanın baş komandanı ilə Baş Qərargah arasında yaranan ilk belə münaqişədir. Görünən odur ki, nəticədə kompromis qərar qəbul edilib: əsas vəzifə Donbas uğrunda döyüşdür.
Bu döyüşün məqsədi bəllidir: birincisi, əhaliyə "satıla” biləcək bir növ qələbə illüziyasına nail olmaqdır. Məsələn, belə bir şey fikirləşə bilərlər: bizim vəzifəmiz Donbas xalqını soyqırımdan xilas etmək idi və bunu bacardıq, Ukraynanın hərbi infrastrukturunu böyük ölçüdə məhv etdik və Ukrayna artıq NATO-ya üzv olmaq istəmir. Ukrayna həqiqətən də NATO-ya üzv olmaq istəmir. Ona görə yox ki, Rusiya bunu qadağan edir, sadəcə, bu müharibədə NATO özünü aciz və yazıq təşkilat kimi göstərdi. NATO-ya yox, ayrı-ayrı güclərin və ilk növbədə ABŞ və Böyük Britaniyanın konkret hərbi yardımına arxalanmaq lazımdır.
İkincisi, Rusiya Donbasda əldə edilmiş əzik-üzük qələbə ilə Ukrayna ilə danışıqlarda mövqelərini gücləndirməyi və hansısa məqbul nəticə əldə etməyi planlaşdırır. Dediklərinə və planlaşdırdıqları görə, hazırda onlar üçün əsl qələbə, məsələn, Xarkovun ələ keçirilməsi sayıla bilər.
Bununla belə, həm ukraynalı, həm də qərbli hərbi ekspertlərin böyük əksəriyyətinin Rusiyanın Xarkovu işğal edə bilməyəcəyi fikri ilə razıyam.
Müharibənin əvvəlində, daha güclü mövqelərdə olduqları zaman bu şəhəri işğal edə bilmədilər. Hazırda isə heç bir ciddi ehtiyatı səfərbər edə bilməyiblər. Onlar Abxaziyadan, Osetiyadan, Qarabağdan, Afrika və digər yerlərdən müxtəlif rus birləşmələrini çıxardıblar. Ona görə də planlaşdırılan Donbas uğrundakı döyüş Kiyev uğrunda döyüş kimi ikinci məğlubiyyətlə başa çatacaq. Məncə, bu məğlubiyyət, Putinin bunkerində bir sual ətrafında çox ciddi mübarizəyə səbəb olacaq - məğlubiyyətlərin günahkarı kimdir? Ya qarşısına gülünc məqsədlər qoyan baş komandan, ya da baş komandanın böyük məqsədlərini həyata keçirə bilməyən ortabab generallar.
Dmitri Peskov aprelin 7-də "Sky News”a müsahibəsində qəribə açıqlamalar verib. Bu, əvvəl dediyim məsələdən - yuxarılarda gedən kəskin mübarizədən xəbər verir. İlk dəfə (bu anı gözləməyə dəyərdi!) Peskov (oxu Kreml, axı Peskov Kremlin sözçüsüdür) "significant losses" (əhəmiyyətli itkilər) etiraf edib və "bu faciədir”, deyib. Və sonra öyündü ki, bir neçə günə atəşkəs sazişi imzalana bilər. Bu məni başqa bir fikrə yönəltdi. Ola bilsin, hətta bu plan - hansısa xəyali qələbəyə nail olmaq və onu rus xalqına "satmaq” planı da hələ sual altındadır. Ola bilsin, generallar Putinə izah edib ki, heç Xarkovu da tutmaq mümkün deyil. Və Putin, onun dili ilə danışan Peskov indi Ukrayna ilə razılaşmalar axtarır. Amma çətin ki, Rusiya ordusunun törətdiyi cinayətlərdən sonra Ukrayna hansısa razılaşmaya hazır olsun. İndi Vaşinqtonda da ab-hava dəyişib. Artıq iki gündür ki, Ukraynanın qələbəsindən danışırlar. Əvvəllər deyirdilər, ukraynalıları mümkün qədər silahla təchiz etmək lazımdır ki, onlar Rusiyaya qarşı duruş gətirə bilsinlər. İndi isə ABŞ Dövlət Departamentinin rəhbəri Entoni Blinken, daha sonra Pentaqonun nümayəndəsi çıxış edərək, Ukraynanı qələbə üçün lazım olan hər şeylə təmin etmək lazım olduğunu söyləyib. Və həqiqətən də indi onlar ağır silahların tədarükünə "yaşıl işıq” yandırırlar. Ona görə də qoy Moskva diz üstə sürünərək barışıq tələb etsin.
İndi Kremldə "quduzlarla” "praqmatiklər” arasında mübarizə gedir və "praqmatiklər” anlayırlar ki, heç Xarkovu da ala bilməyəcəklər. "Quduzlar” isə ordunu tam məhv etməsi üçün bəlkə də ora göndərdilər. Hər halda qarşıdakı iki həftə həlledici olacaq...
Tərcümə: Nizami Bağırov