Türkiyə Xarici İşlər Nazirliyi aprelin 6-da Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyan arasında Avropa İttifaqının rəhbərliyi ilə Brüsseldə keçirilən görüşə münasibət bildirib.
MilliYol.az xəbər verir ki, bu barədə Türkiyə XİN bəyanat yayıb.
"Brüsseldə Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin ev sahibliyi ilə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanın görüşünün nəticəsi olaraq iki ölkənin xarici işlər nazirliklərinə sülh sazişinə dair hazırlıq işlərinə başlamaq tapşırığının verilməsi və aprelin sonuna kimi birgə sərhəd komissiyasının yaradılması haqqında razılığın əldə olunmasından məmnunuq" deyə bəyanatda bildirilib.
Qeyd edilib ki, Türkiyə Cümhuriyyəti regionda sülhün və sabitliyin təmin edilməsi istiqamətində səyləri dəstəkləyir və bu istiqamətdə fəal töhfə verir.