Keti Marton
Yazıçı - "Action for Democracy" təşkilatının məsləhət şurasının sədri
Putinin Ukraynaya qarşı başlatdığı amansız müharibədən dəhşətə gələn dünya onun dayandırmağın yollarını axtarır. Və Kreml diktatoru ilə dil tapa biləcək elə bir adam var.
Bu yaxınlarda Almaniya kansleri vəzifəsindən istefa verən Angela Merkel 16 illik hakimiyyətdə olduğu müddətdə Putindən müəyyən dərəcədə yaxşı davranışlar görüb, o cümlədən 2014-cü ildə Ukraynanın işğalının ilk cəhdinin qarşısını alıb.
Merkel unikal keyfiyyətlərə malikdir və o, Putinlə heç bir dünya liderində olmayan ortaq bir tarixə malikdir. Biz onu təqaüddən aktiv həyata qayıtmağa və kansler kimi bütün gücü ilə qoruyub-saxlamağa çalışdığı dünya nizamını xilas etməyə kömək etməsinə inandırmalıyıq.
Putinlə Merkel arasında çətin münasibətlər 1989-cu il noyabrın 9-da Berlin divarının uçması ilə başlayıb. Merkel üçün bu hadisə ilk 35 ilini yaşamaq məcburiyyətində qaldığı polis Şərqi Almaniyasından qurtuluş idi. Tezliklə o, alimin ağ xalatını çıxararaq Xristian Demokrat İttifaqına qoşuldu, sonra bu partiyanın lideri, daha sonra isə Almaniyanın ilk qadın kansleri oldu.
Putin üçün 1989-cu ilin noyabr ayı və onun xidmət etdiyi Sovet imperiyasının sonrakı süqutu (o, bunu "20-ci əsrin ən böyük geosiyasi fəlakəti” adlandırır) Şərqi Almaniyada KQB zabiti kimi karyerasına son qoydu. Merkel Putindən iki yaş kiçikdir, onlar eyni sovet dövrünün məhsullarıdır və ona görə də bir-birini mükəmməl başa düşürlər. Hərfi və məcazi mənada bir-birinin dilində danışırlar.
Merkel kansler olan zaman Putin onun xarakterini müxtəlif KQB hiylələri ilə sınayıb. 2007-ci ildə görüş zamanı Merkelin itlərdən qorxduğunu bildiyindən onun yanında iri qara labradorunu buraxıb. Lakin Merkel büdrəmədi. "O, bunu kişi gücünü nümayiş etdirmək üçün edir", - sonradan Merkel deyib. - O sizi hər zaman sınayır və müqavimət göstərməsəniz, getdikcə "kiçiləcəksiniz"”.
Həyat təcrübəsi sayəsində Merkel Putinin qəddarlığına və hiyləsinə hazır idi; o, "kiçilmədi”. Onların çoxsaylı təmasları zamanı Merkel sadəcə olaraq onun səhnələşdirilmiş hoqqalarına məhəl qoymurdu.
2014-cü ildə Merkel Putinin reallıqdan təhlükəli dərəcədə uzaqlaşdığını anlasa da, geri çəkilmədi, bəzən 15 saat ərzində Ukrayna ilə bağlı onunla dil tapmağa çalışdı. Sonradan izah etdiyi kimi, bu kimi vəziyyətlərdə o, "kanat üzərində gəzən biri kimi diqqətimi cəmləyirəm, yalnız növbəti addımı düşünürəm" dedi. Putin danışıq masasında qaldı və Rusiya Krımı ilhaq və Donbasın bir hissəsini işğal etdikdən sonra təcavüzü dayandırmağa razı oldu. Merkel üçün dondurulmuş münaqişə həmişə genişmiqyaslı müharibədən daha yaxşı olub.
Onların bir neçə saatlıq danışıqları zamanı Merkelin metodu - Putinin emosional çıxışlarını kəsməməkdən ibarət idi. O, çıxışını bitirəndə Merkel Putinin dediyi hər şeyi az qala uşaq dili ilə təkrarlayır, bu da onun qızğın ifadələrini dramatik və əhəmiyyətli mənadan məhrum edirdi. "Vladimir, - Merkel deyirdi, - dünya bu vəziyyətə tamamilə fərqli baxır".
Merkelin buz kimi sakitliyi döyüş meydanındakı təfərrüatları ustalıqla bilməsinə əsaslanırdı. "Düşünürəm ki, mən artıq Donbasdakı bütün ağacları tanıyıram", - o, bir dəfə müharibə zonası haqqında daşında deyib. Merkel Putindən məqsədini dəqiq ifadə etməyi tələb edir və sonra ona nail ola biləcək addımları təklif edirdi. Eqoizmdən, ideologiyadan və emosiyadan uzaq elmi keçmişi ilə o, Putinin böyük planlarını kiçik, yaxşı idarə olunan hissələrə bölürdü. "Həll yollarını tapmaq vacibdir", - Merkel tez-tez təkrarlayırdı.
Putin bu gün heç bir siyasi ambisiyası olmayan, həm də onu heç vaxt ictimaiyyət qarşısında alçaltmayan və çoxsaylı şəxsi söhbətlərinin məzmununu açıqlamayan Merkelə etibar edə bildiyi qədər güvənir. Rusiya mədəniyyətinin tanınmış pərəstişkarı olan Merkel heç vaxt ABŞ prezidenti Barak Obamanın dediyi kimi Rusiyanı "regional güc” adlandırmayıb.
Merkel kansler vəzifəsindən getdikdən iki ay sonra Putin Ukraynaya qarşı genişmiqyaslı müharibəyə başladı, hansının ki, o, 2014-cü ildə qarşısını ala bilmişdi. Merkel getdikdən sonra təcrübəsiz Olaf Şolts onun varisi oldu, ABŞ cəmiyyəti isə keçmiş prezident Donald Trampdan sonra çox qütbləşdi. Yəqin ki, Putin 1989-cu ildə başlayan "fəlakəti” indi nəhayət geri qaytara biləcəyini hiss edib.
Lakin Merkel də hesablamalarında səhvlərə yol verib. O, ehtiyatlı siyasətçi olmaqla, alman biznes maraqlarının üstünlük təşkil etməsinə icazə verib və Baltik dənizi vasitəsilə Rusiyadan Almaniyaya birbaşa qaz nəql etməli olan "Şimal axını-2” qaz kəməri layihəsini dayandıra bilməyib (hazırda bu layihə dayandırılıb). Onun zamanında müdafiə büdcəsi, Almaniya təhlükəsizliyinə artan təhdidinə adekvat olmayıb və lazımi qədər artırılmayıb. Merkel müharibələrə nifrət edir və hesab edir ki, müharibəni başlatmaq bir dövlət lideri üçün uğursuzluq əlamətidir. Amma bu gün Ukraynada müharibə davam edir, Avropa və Qərb isə üfüqdə heç bir aydın sonu olmayan post-Merkel dövrünə qədəm qoyub.
Merkel yəqin ki, planetdə yeganə insandır ki, Putindən qorxmur, ona açıq hörmətsizlik göstərmir və ona heç bir borcu yoxdur. Görünür, Putin ona hörmət edir. Onların uzun ortaq tarixini nəzərə alsaq, çətin ki, Putin Merkeli ciddi danışıqlara tam maraq göstərmədiyini açıq nümayiş etdirmək üçün son vaxtlar digər dövlət başçılarını yerləşdirdiyi gülməli uzun Kreml masasının o biri tərəfində oturtsun.
Putin Merkelə ciddi yanaşır və tamamilə təcrid vəziyyətdə olsa da, anlamalıdır ki, simasını itirmədən müharibədən çıxmaq üçün köməyə ehtiyacı var. O, simasını itirməkdən qorxur və bunun qarşısını almaq üçün daha çox qan tökməyə hazırdır. Putini bütün dünya liderlərindən yaxşı tanıyan Merkel ona kömək edə bilər. O, öz sakitliyi və səbri ilə Putini son dəfə inandıra bilər: "Vladimir, bu vəhşi müharibə sənin maraqlarına uyğun deyil”.
Əlbəttə ki, şanslar azdır, lakin Merkelin ən sadiq müdafiəçisi olduğu dünya nizamının tarazlığı pozulub. "Stavkalar” yüksəkdir, artıq risk etməyin vaxtıdır.