Ukraynanın Prezidenti Volodimir Zelenski Rusiyanın nüvə silahından istifadə edəcəyinə inanmır.
MilliYol.Az xəbər verir ki, Ukrayna Prezidenti bu barədə Hindistanın “Republic Media Network” telekanalına müsahibəsində bildirib.
“İstənilən silahın - nüvə silahı da istisna deyil - istifadəsi Ukraynanın NATO-ya qəbul olunmasına, bizə tank və təyyarələrin verilməsinə görə deyil. Rusiya nüvə silahından özünü üstün sayanda istifadə edə bilər”, deyə Zelenski qeyd edib.
Ukrayna Prezidenti əlavə edib ki, söhbət aqressorun nə zaman küncə sıxlmasından deyil, məhz onun üstün olmasından gedir. Zelenskinin qənaətinə görə, Rusiya hələ ki, üstün vəziyyətdə deyil.
O bildirib ki, nüvə silahından istifadə hakimiyyətin itirilməsi ilə nəticələnə bilər: “Onlar hər şeyi itirəcək. Ona görə də nüvə silahından istifadə ediləcəyinə inanmıram”.
Xatırladaq ki, Rusiyanın nüvə təhdidi Ukraynadakı hərbi əməliyyatlarda üzləşdiyi uğursuzluqdan sonra daha da güclənib. Martın 22-də Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov amerikalı jurnalistlərə ölkənin təhlükəsizlik konsepsiyasını xatırladaraq deyib ki, dövlətin mövcudluğu təhlükə altına düşəcəyi təqdirdə nüvə silahı tətbiq edilə bilər.
İki gün sonra BMT-dəki rusiyalı diplomat bəyan edib ki, NATO Rusiyanı təxribata çəkəcəyi təqdirdə kütləvi qırğın silahından istifadə edə bilər.