Prezident İlham Əliyevin bu gün imzaladığı “Dövlət əmlakının özəlləşdirilməsi prosesinin təkmilləşdirilməsi sahəsində əlavə tədbirlər haqqında” fərman özəlləşdirilmənin yeni qaydalarla həyata keçirilməsinin əsaslarını müəyyən edib. Bundan sonra Azərbaycanda dövlət əmlakının özəlləşdirilməsi Prezidentin qərarları ilə həyata keçiriləcək.
Bundan qabaq özəlləşdirmə “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” qanunun tətbiq edilməsi barədə 10 avqust 2000-ci il tarixli fərmanla müvafiq olaraq müvafiq icra hakimiyyəti – əvvəlcə Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi, sonra isə Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən həyata keçirilirdi.
Bu vaxta qədər dövlət əmlakı 2000-ci il 10 avqust tarixində təsiqlənmiş «Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin II Dövlət Proqramı»na uyğun olaraq icra edilib.
Məlumat üçün qeyd edək ki, 2015-ci ildə kiçik özəlləşdirmə formasında 500-dən çox kiçik dövlət müəssisə və obyekti, 470 obyektin yerləşdiyi torpaq sahəsi özəlləşdirilib. Pul hərraclarında 19, investisiya müsabiqələri vasitəsilə isə 5 səhmdar cəmiyyətin səhmləri satılıb.
Kiçik dövlət müəssisə və obyektlərinin özəlləşdirilməsi daha çox 1997-ci ildə qeydə alınıb. 6979 kiçik dövlət müəssisə və obyekti özəlləşdirilib. Özəlləşdirilən kiçik dövlət müəssisə və obyektlərinin sayı 2007-ci ildə daha çox olub. Həmin ildə 3121 özəlləşdirmə baş verib.
1996-cı ildən isə ümumilikdə 46759 kiçik dövlət müəssisə və obyekti özəlləşdirilib. Həmin ildən etibarən dövlət müəssisəsi bazasında 1604 səhmdar cəmiyyət yaradılıb, 100-ə yaxın dövlət müəssisə və obyekti investisiya müsabiqələri vasitəsilə özəlləşdirilib.
Son 5 ildə isə dövlət əmlakının özəlləşdirilməsində o qədər də fəallıq nəzərə çarpmırdı. Neft gəlirlərinin yüksək həddə olması hökumət üçün daha bir geniş özəlləşdirmə prosesinə start verilməsini aktual məsələlər sırasından çıxarmışdı.
2014-cü ilin oktyabrından başlayaraq, dünya bazarlarında neftin qiymətinin aşağı düşməsinin davamlı xarkter alması və 2015-ci ildə Azərbaycanın neft gəlirlərinin kəskin aşağı düşməsi yenidən əlavə vəsaitlərin cəlb olunması qaynağı kimi geniş özəlləşdirmə proqramını aktuallaşdırdı.
Bu il yanvarın 18-də iqtisadi və sosial məsələlərin həlli ilə bağlı keçirlən müşavirədə prezident İlham Əliyev beynəlxalq ekspertlərin iştirakı ilə geniş özəlləşdirmə proqramının hazırlanması barədə tapşırıq verdi: "Biz həm xarici, həm yerli investorları bu işə cəlb etməliyik. Hələ ki, Azərbaycanda bir çox özəlləşdirilməmiş müəssisələr var və onların fəaliyyəti dayanıbdır. Bəzi hallarda bu müəssisələr yarıdağılmış vəziyyətdədir, onların çox böyük torpaq sahələri var”.
Prezident Əliyev bildirdi ki, biznes mühitini yaxşılaşdırmaq və iqtisadi canlanmanı sürətləndirmək üçün mütləq geniş özəlləşdirmə proqramı həyata keçirilməlidir: "Bu proqram tam şəffaf keçirilməlidir, beynəlxalq ekspertlər bu işə cəlb olunmalıdır. Yerli və xarici investorlar üçün elə şərait yaratmalıyıq ki, onlar böyük maraqla, həvəslə vəsait qoysunlar. Nəzərə alsaq ki, Azərbaycanın uzunmüddətli uğurlu inkişafı heç bir investorda şübhə doğurmur, Azərbaycan iqtisadiyyatı dayanıqlı şəkildə inkişaf edəcək”.
Bu il yanvarın 29-da jurnalistlərə açıqlamasında Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov geniş özəlləşdirmə proqramının hazırlanmasına başlanıldığını açıqladı. Aprelin 4-də isə Əmlak Məsələləri Dövlət Komitəsinin yeni özəlləşdirmə proqramının Prezidentə təqdim olunduğu barədə məlumat verildi.
Hələ ki, yeni özəlləşdirmə proqramının detalları ilə bağlı ictimaiyyətə məlumat verilməyib. Prezidentin bugünkü fərmanı və özəlləşdirmə prosedurlarının dəyişdirilməsi yaxın vaxtlarda real olaraq geniş özəlləşdirməyə start veriləcəyini söyləməyə imkan verir. İstisna deyil ki, indiyə qədər qorunan bir çox dövlət müəssisələri də özəlləşdiriləcək. Hətta “Azərsu” ASC, “Azərişıq” ASC, “Azəriqaz” İstehsalat Birliyi, dövlət nəzarətində olan digər böyük səhmdar cəmiyyətlərinin, böyük səhiyyə, emal, nəqliyyat, xidmət müəssiələrinin, zavodların və s. özəlləşdiriləcəyi istisna olunmur.
Hazırda Azərbaycan dövlət büdcəsininin gəlirlərinin artırılmasına çox ciddi ehtiyac var və hökumətin qarşıya qoyulan məqsədlərə çatmaq üçün böyük miqdarda pul əldə etməsi məhz iri dövlət müəssisələrinin özəlləşdirilməsi ilə mümkündür. Eyni zamanda xarici investorlar məhz bu çür müsəssisələrə diqqət göstərirlər. Yuxarıda qeyd etdiyimiz statistika da göstərir ki, son illər daha çox kiçik dövlət müəssisələri özəlləşdirilib. Bu özəlləşdirmədən dövlət büdcəsinə nə qədər vəsait cəlb olunması ilə məlumatlar açıqlanmasa da, məbləğin o qədər də böyük olmadığını ehtimal etmək olar.
Digər tərəfdən, iri və monopolist dövlət müəssisələrinin özəlləşdirilməsi xüsusi yanaşma tələb etdiyindən, məhz birbaşa Prezidentin qərarları ilə özəlləşdirmənin həyata keçirilməsinə qərar verilib.
Əmlak Məsələləri Dövlət Komitəsinin məlumatlarından aydın olur ki, hazırda Azərbaycanda 6220-dən çox səhmdar cəmiyyəti, dövlət müəssisəsi və təşkilatı var.
İqtisadiyyat Nazirliyinin məlumatına görə, 2016-cı ilin 1 yanvar tarixinə kimi qeydiyyata alınmış 100 325 hüquqi şəxsin 10646-sı dövlət mülkiyyətinə, 87985-i xüsusi mülkiyyətə (onlardan 5781-i tam xarici investisiyalı, 1850-si birgə müəssisə), 1694-ü isə bələdiyyə mülkiyyətinə mənsub olub.
Göründüyü kimi, geniş özəlləşdirmə üçün çox böyük potensial var. Şübhəsiz ki, böyük özəlləşdirmə mütləq və mütləq siyasət, siyasi qərarların verilməsi deməkdir. Qarşıdakı bu prosesin hansı formada keçiriləcəyi, bölgü və mülkiyyətçilərin müəyyənləşməsi fövqəladə dərəcədə vacibdir. Bu cür vacib məsələlər, prosesin texniki tərəfdən aparılması belə, Kərəm Həsənova etibar edilə bilməzdi. Yaxud K.Həsənov prosesi kənar müdaxilələrsiz aparmaq gücündə olmazdı. Böyük özəlləşdirmə ilə bağlı qərarları birbaşa Prezidentin özünün verməsi isə hakim komanda, xarici investorlar üçün də aydın siqnal oldu. Bütün maraqlı tərəflərə mesaj verildi ki, bu məsələdə əsas arbitir və qarant dövlət başçısı özü olacaq və prosesə şəxsən nəzarət edəcək.
Prezident tərəfindən bu addımın atılması əmlak bölgüsündə oliqarxlararsı ziddiyyətlərin və münaqişələrin yarada biləcəyi risk amillərinin önlənməsi nöqteyi-nəzərindən də dəyərləndirilməlidir. (strateq.az)
Milliyol.az
Digər xəbərlər
loading...