"Mənzil İnşaatı Dövlət Agentliyinin Yasamal yaşayış kompleksinin ikinci mərhələsində ev almaq üçün müraciət edən vətəndaşlar baş verənlərə razı deyillərsə, hüquqlarını məhkəmə yolu ilə həll edə və bu prosesin qanunauyğun olmadığını məhkəmədə təsdiq etdirə bilərlər”.
Bunu Qaynarinfo-ya açıqlamasında vəkil Əkrəm Həsənov Mənzil İnşaatı Dövlət Agentliyinin Yasamal yaşayış kompleksinin ikinci mərhələsində 3-4 saniyədə 500 evin satmasından danışarkən deyib. Vəkil belə halların ölkədə müxtəlif qurumlarda tez-tez baş verdiyini bildirib:
"Bu hallar ölkədə dəfələrlə baş verib. Həm İpoteka və Kredit Zəmanəti Fondu, həm Sahibkarlığın İnkişafı tərəfindən verilən, eyni zamanda MİDA-nın həyata keçirdiyi layihələrdə şəffaflıq yoxdur. Bu şəffaflıq da qanunda yoxdur. Qurumlar da bundan sui-istifadə edir. Hesab edirəm ki, bütün bu qurumlar, harda ki, dövlətin güzəştli layihələri həyata keçirilir, onların internet sayıtlarında müraciət edən bütün vətəndaşların məlumatları yerləşdirilməlidir. Ekspertlər və vəkillər də baxanda görsün ki, qurum hansı meyara görə onları seçib və ya imtina edilib. Bu proseslərin qapalı olması bir necə saniyədə 500 evin satılmasına gətirib çıxarır. Odur ki, müraciətinə rəd cavabı alan vətəndaşlar şəffaflıq üçün məhkəməyə müraciət edə bilərlər”.
İqtisadçı ekspert Natiq Cəfərli hesab edir ki, məsələ aidiyyatı orqanlar tərəfindən araşdırılmalı və xalqa məlumat verilməlidir:
"Əslində, mənzillərin satışının onlayn şəkildə qeydiyyatdan keçirilməsinin niyyəti nə idi? Şəffaflığın yaranması, vətəndaşlarda heç bir şübhənin olmaması və MİDA-nın şəffaf fəlaiyyətinin təqdimatı… Nəticədə nə oldu? Bundan öncə də belə hallar olmuşdu, həmin portal çökmüşdü. Qeydiyyatdan keçənlərin mənzil alışında iştirak etməyə imkanı olmadı. İndi də bir neçə saniyəyə 500 mənzil satışının bitməsi baş verdi. Sonradan portalda qeydiyyatdan keçənlərin bu prosesdə iştirak edə bilməməsi ən azından suallar yaradır. Şəffaflıq üçün yaradılmış bir portal əksinə qabaqcadan həmin portal vasitəsi ilə mənzillərin kimlərəsə satılması və sonradan formal olaraq qeydiyyatın aparılması şübhələr yaradır. İndi bizim əlimizdə onu sübut edən faktlar yoxdur. Bunu hüquq-mühafizə orqanları yoxlayıb üzə çıxarmalıdır. Amma ən azından vətəndaş olaraq hamımızda şübhələr yaradır ki, öncədən həmin mənzillərin kimlərə satılması bəlli idi. Portalda həmin əməliyyatları əvvəlcədən hazırlayıb qeydiyyatdan keçiriblər. Məsələ araşdırılmalı və vətəndaşlara məlumat verilməlidir”.
Qaynarinfo olaraq, məsələ ilə əlaqədar Mənzil İnşaatı Dövlət Agentliyinə sorğu göndərdik. Sorğuya cavab olaraq MİDA həyata keçirdiyi mənzil satışı ilə bağlı statistika açıqlayıb.
Qurum bəyan edib ki, Yasamal Yaşayış Kompleksinin ikinci mərhələsində yerləşən 442 mənzil ipoteka kreditindən istifadə etməklə, həm də öz vəsaiti hesabına ödəniş üsulu ilə güzəştlə satılıb.
Satışı prosesinə saat 11:00-da başlanılıb və mənzillərin seçimi qısa müddətdə uğurla başa çatdırılıb.
Qeyd edək ki, Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) tikib bu gün satışa çıxardığı Yasamal yaşayış kompleksinin ikinci mərhələsi başa çatıb. Mərhələdə 500-ə yaxın mənzil 3-4 saniyə ərzində satılıb.