Qubanın məşhur icra başçısı Ziyəddin Əliyevin Ukraynada 6, ümumən xaricdə 8 şirkətinin olduğu məlum idi. O, Ukraynada müharibədən bir qədər qabaq, müharibə hazırlıqlarının getdiyi vaxtlarda daha bir şirkət açıb. Ukraynada sayca 7-ci olan RANZ LLC (ТОВ РАНЗ) ötən il iyulun 17-də Lvov vilayətinin Mikolayev rayonu Qruşevsk prospekti 1A/14 ünvanında hüquqi qeydiyyata alınıb.
MilliYol.Az-ın xəbərinə görə, bunu araşdırmaçı jurnalist Cavanşir Həsənli bildirib.
C.Həsənli qeyd edib ki, icra başçısının Lvov vilayəti, Pustomitivsk rayonu Zimna Voda kəndi, Opilskoqo küçəsində müvəqqəti qeydiyyatda olan oğlu Nicat Əlibəyli ötən ilin dekabrında şirkətin benefisiarı qismində təsdiq olunub. Şirkətin nizamnamə kapitalı 10 483 200 qrivna (müharibədən əvvəlki kursla 400.000 dollara yaxın) təşkil edir. Reyestr məlumatlarına görə, RANZ LLC tikinti texnikası və avadanlıqlarının kirayə və lizinqi ilə məşğuldur. "RANZ" - Rəşad and Nicat Ziyəddin oğullarının abbreviaturasıdır. Yeri gəlmişkən, bu martın 16-da “RANZ” Məhdud Məsuliyyətli Cəmiyyəti 10 manat nizamnamə kapitalı , BAKI ŞƏHƏRİ NİZAMİ RAYONU, RÜSTƏM RÜSTƏMOV, ev 44, m. 4 ünvanında da qeydiyyata alınıb. MMC-nin qanuni təmsilçisi Xaqani Abbasəliyev Əli oğlu adlı şəxsdir. Hələ ötən ilin aprelində eyni şəxsin qanuni təmsilçiliyi ilə icra başçısının özünün və ailə üzvlərinin qeydiyyatda olduğu ünvanda (Bakı şəhəri, Nizami rayonu, Əlağa Kürçaylı küçəsi ev 7, mənzil 45)
Ziyəddin Əliyevin Ukraynadakı "ALOV-BUD" Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikasındakı filialı qeydiyyata alınıb.
Ziyəddin Əliyevin Ukraynadakı şirkətlərinin yenilənmiş siyahısı:
1. “ALOV” asfalt zavodu
2. “MİKOLAYEV-LVOV” inşaat şirkəti
3. “ALOV” Məhdud Məsuliyyətli Cəmiyyəti
4. “ALOV TİCARƏT EVİ” Məhdud Məsuliyyətli Cəmiyyəti
5. “ALOV-BUD” Məhdud Məsuliyyətli Cəmiyyəti
6. “SMANBUD” Məhdud Məsuliyyətli Cəmiyyəti
7. RANZ LLC
Z.Əliyev barəsində qeyd edilənlərlə bağlı açıqlama vermir. Elə əvvəl də dərc edilən yazılarla bağlı dəfələrlə telefon zəngləri etsək də, sualımız cavabsız qalıb.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.