Bu il Ermənistan Respublikasının uzunmüddətli iqtisadi artım potensialının zəifləməsi gözlənilir. Proqnozlara görə, Ermənistanda iqtisadi artım 18% azalacaq. 2023-cü ildə isə təxminən 3% azalacaq. Azalmanın əsas səbəbi Ermənistan iqtisadiyyatının Rusiya iqtisadiyyatından (ixrac-pul köçürmələri şəklində) yüksək asılılığıdır. Belə ki, Rusiya-Ukrayna savaşının mənfi təsiri öz nəticəsini göstərir.
Xüsusilə, 2022-ci ildə Ermənistana pul köçürmələrinin 20-30% azalacağı proqnozlaşdırılır ki, bu da ev təsərrüfatlarının istehlakının azalmasına səbəb olacaq. Üstəlik, Rusiyada daxili tələbatın gözlənilən azalması fonunda Ermənistandan ixracı da zəiflədəcək.
Ətraflı
Rusiyaya qarşı beynəlxalq sanksiyaların uzunmüddətli olacağı təqdirdə Rusiyadan pul köçürmələrinin uzun müddət bərpa olunacağı gözlənilmir. Nəticədə Ermənistanın uzunmüddətli iqtisadi inkişaf imkanları azalacaq. Ermənistan Respublikası Hökumətinin borcu bundan sonra da yüksək səviyyədə qalacaq.
Belə ki, 2022-2023-cü illərdə Ermənistanın dövlət büdcəsinin kəsiri ÜDM-in 4-4,5%-i səviyyəsində qalmaqda davam edəcək. Halbuki əvvəllər 2022-ci ildə kəsirin ÜDM-in 3%-nə qədər azalacağı gözlənilirdi. Nəticədə, Ermənistan hökumətinin borcu azaltmaq əvəzinə, 2022-2024-cü illərdə daha da artacaq. Digər tərəfdən, borcun 70%-i xarici valyutada olduğundan Ermənistan dövlət borcunun valyuta riskinin səviyyəsi də kritik həddə çatacaq. Ehtimal olunur ki, dramın mümkün kəskin devalvasiyası baş verərsə, bir tərəfdən hökumətin borc trayektoriyası pisləşəcək, digər tərəfdən kommersiya banklarının dollarlaşma səviyyəsinin riskləri artacaq.
Bundan əlavə, əgər geosiyasi risklər dərinləşərsə, yaxın gələcəkdə Ermənistan və Azərbaycan arasında gərginliyin səviyyəsi Rusiya-Ukrayna silahlı münaqişəsində baş verən hadisələrə görə əhəmiyyətli dərəcədə arta bilər. Bu, istehlaka və investisiyalara, eləcə də fiskal sabitliyə mənfi təsir göstərə bilər.
Azərbaycanda ÜDM-nin 102 milyard manata çatması gözlənilir
Beynəlxalq audit və mailiyyə şirkəti olan "Deloitte”-nin hesabatına görə, bu il Azərbaycan iqtisadiyyatının həcmi artacaq və ilk dəfə ÜDM-nin 102 milyard manata çatması gözlənilir.
Sənədə əsasən, 2022-ci ildə Azərbaycanda ÜDM-nin real artımın 4,2 % səviyyəsində reallaşması gözlənilir: "İqtisadiyyatın canlanması 2021-ci ilin ikinci yarısından sürətlənib. 2022-2026-cı illərdə Azərbaycanda iqtisadi böyümə davamlı özəl istehlakın və investisiya artımı hesabına olacaq”.
"Deloitte”un hesablamalarına görə, 2023-cü ildə Azərbaycanda iqtisadi artım 3,3 %, 2024-cü ildə 3 %, 2025-ci ildə isə 2,9 % səviyyəsində reallaşacağı, ÜDM istehsalının isə müvafiq olaraq 111,6 milyard manata, 121,6 milyard manata və 133,7 milyard manata çatması gözlənilir.
Azərbaycan hökuməti 2022-ci il üçün ÜDM-nin artımını 3,9 %, 2023-cü il üçün 5,1 % səviyyəsində proqnozlaşdırır.
Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2021-ci ildə Azərbaycanda 92 milyard 857,7 milyon manatlıq və yaxud 2020-ci illə müqayisədə 5,6 % çox ÜDM istehsal olunub. Belə ki, ötən il iqtisadiyyatın qeyri neft-qaz sektorunda əlavə dəyər 7,2 %, neft-qaz sektorunda isə 1,8 % artıb.
ÜDM istehsalının 42,5 %-i sənaye, 10,1 %-i ticarət; nəqliyyat vasitələrinin təmiri, 6,9 %-i nəqliyyat və anbar təsərrüfatı, 5,9 %-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 5,9 %-i tikinti, 1,8 %-i informasiya və rabitə, 1,3 %-i turistlərin yerləşdirilməsi və ictimai iaşə sahələrinin, 17,2 %-i digər sahələrin payına düşüb, məhsula və idxala xalis vergilər ÜDM-in 8,4 %-ni təşkil edib.
İl ərzində ölkədə adambaşına düşən ÜDM-in dəyəri isə 27,6 % artaraq 9 269 manat olub.
Telman
Qaynarinfo