Takatosi İto
Yaponiyan maliyyə nazirinin keçmiş müavini,
Kolumbiya universitetinin beynəlxalq və ictimai münasibətlər Məktəbinin professoru
Niyə Yaponiya Ukraynadakı hadisələri diqqətlə izləyir?
Müharibə başlayanda Putin ölkəsinin nüvə qüvvələrini yüksək döyüş hazırlığı vəziyyətinə gətirildiyini elan etdi. Bu bəyanat, planetin əksər hissəsini həyəcanlandırdı, xüsusilə də Yaponiyanı.
Rusiyanın Ukraynaya təcavüzü bütün Avropada, müdafiədən tutmuş energetikaya qədər, təhlükəsizlik konsepsiyasının yenidən nəzərdən keçirilməsinə səbəb oldu. Bu müharibənin, Şərqi Asiya, xüsusən də Tayvan və Yaponiyanın təhlükəsizliyinə potensial təsiri çox az diqqət çəkir, lakin gələcəkdə baş verəcək istənilən transformasiya burada da eyni dərəcədə dərin ola bilər.
Ukraynadakı müharibə məsafə baxımından uzaq görünsə də, əslində Şərqi Asiya üçün əhəmiyyətli risk yaradır. Çin, münaqişənin gedişatını və Qərbin reaksiyasını diqqətlə izləyir. Əgər Rusiya, öz hərəkətlərinin ağır bədəlini ödəyərsə və sanksiyalar (Yaponiya tərəfindən də tətbiq edilir) onun iqtisadiyyatını çökdürənə qədər davam edərsə, Çin ən azı iqtisadiyyatının təhlükəsizliyini təmin edənə qədər çətin ki, Tayvana qarşı hərbi addımlar atsın.
Bununla belə, əgər Rusiya istədiyini nail olarsa, Kiyevdə marionet hökumət qurub Qərbin sanksiyalarının nisbətən tez müddətdə aradan qaldırılmasını bacararsa, Çin Tayvana təzyiqini artırmağa və hətta ilk fürsətdə belə işğala əl atmağa cəsarət edər. Bu baş verərsə, Yaponiya böyük ehtimalla bu münaqişəyə cəlb oluna bilər. Belə ki, hələ 1970-ci illərdən bəri Çin tərəfindən iddia edilən Senkaku adaları Tayvandan 140 mildən də az məsafədədir.
Keçən ilin dekabrında keçmiş baş nazir Şinzo Abenin qeyd etdiyi kimi, "Tayvanda gərginlik, Yaponiyada gərginlikdir və eyni zamanda Yaponiya-ABŞ ittifaqı üçün də gərgin vəziyyət deməkdir".
Lakin Amerikanın Ukraynadakı müharibəyə reaksiyası bir çox yapona ittifaqın gücləndirilməsinə ehtiyac ola biləcəyinə və Yaponiyanın öz təhlükəsizlik məsələlərində yalnız ABŞ-dan asılı olmamasına işarə oldu.
Bu addımlar, pasifist konstitusiyadan başlayaraq Yaponiya təhlükəsizliyinin bəzi əsas prinsiplərinə yenidən baxılmasını nəzərdə tutur. İkinci Dünya Müharibəsindən sonra Müttəfiqlər tərəfindən ABŞ generalı Duqlas MakArturun rəhbərliyi altında hazırlanmış Yaponiya konstitusiyası ölkənin "bir daha heç vaxt" (İkinci dünya müharibəsindən sonra sülhsevər şüara çevrilib-red.) başqaları üçün təhlükə yaratmayacağını təmin etmək üçün hazırlanmışdı.
Yaponiyanın müharibədən sonrakı pasifizmi 9-cu maddədə təsbit edilib: "Ədalət və nizama əsaslanan beynəlxalq sülhə səmimiyyətlə can atan yapon xalqı millətin suveren hüququ kimi müharibədən və beynəlxalq mübahisələrin həlli vasitəsi kimi güc təhdidindən və ya istifadəsindən həmişəlik imtina edir... "quru, dəniz və hava qüvvələri, eləcə də digər hərbi potensial bir daha yaradılmayacaq. Dövlətin müharibə aparmaq hüququ tanınmayacaq”.
Koreya Müharibəsi zamanı Yaponiyaya özünümüdafiə qabiliyyətini artırmaq üçün 9-cu maddəyə bir qədər "sərbəstlik verildi”. 1954-cü ildə özünümüdafiə qüvvələri haqqında yeni qanuna uyğun olaraq məhdud quru, dəniz və hava qüvvələri yaradıldı.
Bununla belə, Yaponiya konstitusiyası, əsasən ölkə üçün təhlükələrin, əhəmiyyətli hərbi potensialı təmin edəcək qədər böyük olmadığını nəzərdə tutur. Ön sözdə deyildiyi kimi, "biz, yapon xalqı olaraq, hər zaman sülh arzulayırıq və insani münasibətlərini idarə edən uca idealları dərindən dərk edirik və sülhsevərlər dünya xalqlarının ədalətinə və imanına arxalanaraq təhlükəsizliyimizi və varlığımızı qorumaq əzmindəyik”.
Başqa sözlə desək, əgər Yaponiya hərbisizləşdirilsəydi, başqa ölkələri təhdid və hücum etməzdi. Yaponiyadakı bir çox solçular bu fikri tez-tez təkrarlayaraq, demilitarizasiya və neytrallığın sülhün düsturu olduğunu iddia edirlər.
Amma, Ukraynadakı müharibə göstərdi ki, bütün dünya xalqları və ya ən azı onların liderləri "sülhsevər” deyillər. Yaşayış məntəqələrinin amansız bombalanmasından əlavə, Rusiya prezidenti Vladimir Putin münaqişənin əvvəlində ölkəsinin nüvə qüvvələrini yüksək hazırlıq vəziyyətinə gətirildiyini elan etdi.
Bu bəyanat planetin əksər hissəsini narahat etdi, xüsusən də nüvə zərbələrindən əziyyət çəkən yeganə ölkə olan Yaponiyanı çox təsirləndirdi. Yaponiya uzun müddətdir ki, istənilən nüvə silahının mövcudluğuna qarşı çıxır. Amma getdikcə daha çox ölkə bunu inkişaf etdirir. Həmin ölkələrdən biri olan Şimali Koreya da mütəmadi olaraq belə sınaqlar keçirir (əksər raketlər Yapon dənizinə düşür).
Ukrayna NATO-nun üzvü deyil və 1994-cü ildən nüvə silahından imtina edib. Üstəlik, ABŞ prezidenti Co Bayden açıq şəkildə bildirdi ki, o, Ukrayna üzərində "uçuşa qadağan zonası” tətbiq etməklə Rusiya ilə birbaşa hərbi qarşıdurmaya getmək istəmir. Belə reaksiya, Yaponiyanın, istər Rusiya, istər Çin, istərsə də Şimali Koreya kimi nüvə dövləti tərəfindən hücuma məruz qalacağı təqdirdə, ABŞ-ın da onu müdafiə etməkdən imtina edəcəyi ilə bağlı narahatlıq doğurdu. Bəli, Birləşmiş Ştatlar ABŞ-Yaponiya Təhlükəsizlik Müqaviləsi çərçivəsində bunu etməyi öhdəsinə götürüb, lakin Yaponiya ABŞ-ın bu öhdəliyinə əməl edib-etməyəcəyini və ya vaxtında edib-etməyəcəyini bilə bilməz.
Bütün bunları nəzərə alaraq, hakim Liberal Demokrat Partiyası (LDP) Yaponiyanın özünümüdafiə hüququnun olmasının açıq şəkildə qeyd edilməsi və özünümüdafiə qüvvələrinin tanınması barədə konstitusiyon düzəlişlər etməyə çalışır. Hətta sülhsevər baş nazir Fumio Kişida düzəlişi dəstəkləyir və onun Parlamentdə müzakirəyə çıxarılmasına çalışacağını bildirir.
Üstəlik, bəzi yaponlar, xüsusən də Abe ABŞ-Yaponiya arasında bağlanmış təhlükəsizlik haqqında müqavilənin genişləndirilməsi və oraya, NATO-da olduğu kimi, nüvə silahlarının birgə istifadəsinə dair müddəaların daxil edilməsinin tərəfdarıdır. Yarım əsrdən də çox əvvəl "heç vaxt nüvə silahını istehsal etməyəcəyinə, malik olmayacağına və yerləşdirməyəcəyinə” and içmiş bir ölkə üçün bu, olduqca mübahisəli bir təklifdir. Sözsüz ki, 1970-ci illərdə belə təkliflər bir çox tənqidlərə səbəb olardı. Hökumətin Yaponiyanın nüvə silahları ilə bağlı mövqeyinə yenidən baxmaq planının olmadığını bildirməsinə baxmayaraq, bəzi LDP siyasətçiləri belə müzakirələrə hələ də açıqdırlar.
Belə müzakirələrin perspektivi daha çox dünyanın Rusiya təcavüzünə verəcəyi cavabdan asılı olacaq. Əgər Putin Ukraynada istədiyinə nail olarsa və ciddi iqtisadi problemləri hiss etmədən güzəştlər qazanarsa, Yaponiyanı öz təhlükəsizliyini təmin etmək üçün daha sərt addımlar atmağa sövq edəcək. Bu mənada Qərbin sanksiyalara sadiqliyi Asiya sabitliyinə mühüm təsir göstərir.
Tərcümə: Nizami Bağırov
Qaynarinfo