Tomas Fridman
3 qat "Pulitser" mükafatı laureatı
Mənim Kremldə gizli mənbəm yoxdur. Gəldiyim bütün nəticələr Putinin Yaxın Şərqdə necə davrandığına dair uzunmüddətli şəxsi müşahidələrdən irəli gəlir.
Mənə gün kimi aydındır ki, Putin "A” planının (o, gözləyirdi ki, Rusiya ordusu Ukraynaya girərək "nasist” rəhbərliyini başsız qoyacaq və ölkə "sülh” yolu ilə Rusiyanın əlinə keçəcək) iflasa uğradığını anlayaraq "B” planına keçib.
"B” planının mahiyyəti ondan ibarətdir ki, ukraynalıları evlərini tərk etməyə məcbur etmək üçün Rusiya ordusu son bir neçə həftə ərzində dinc əhalini, evləri, xəstəxanaları, müəssisələri, hətta bomba sığınacaqlarını qəsdən atəşə tutur. Nəticədə, Ukrayna daxilində və daha da önəmlisi, qonşu NATO-ya üzv olan ölkələrdə böyük bir qaçqın böhranı yaranır.
Mən güman edirəm ki, Putin düşünür ki, əgər o, bütün Ukraynanı hərbi yolla işğal edib əlində saxlaya və öz sülh şərtlərini diqtə edə bilmirsə, burada ən yaxşı çıxış yolu - 5-10 milyon ukraynalının, xüsusilə qadınların, uşaqların və qocaların Polşaya, Macarıstana və Qərbi Avropaya qaçmasıdır. Və bu qədər ağır sosial və iqtisadi yükün altında olan NATO ölkələri, müharibəyə son qoyulması məqsədilə Putinin istənilən şərtlərilə razılaşmaq üçün Zelenskiyə təzyiq göstərəcək.
Putinin bu planı özündə müharibə cinayətlərini ehtiva etsə də, Rusiya Federasiyası əbədi olaraq "pis ölkəyə” çevrilsə də, çox güman Rusiya diktatoru ümid edir ki, Rusiya nefti, qazı və buğdasına ehtiyac, habelə onun İranla gözlənilən nüvə sazişindəki rolu dünya ölkələrinin "pis Putin”lə iş görməyə məcbur edəcək.
Deyəsən Putinin "B” planı işə yarayır. Hələ martın 20-də "France-Press” agentliyi xəbər verir ki, "müharibə başlayandan bəri 3,3 milyondan çox qaçqın Ukraynanı tərk edib. BMT-nin məlumatına görə, onların böyük əksəriyyəti qadınlar və uşaqlardır. Digər 6,5 milyonu isə məcburi köçkündür”.
Məlumatda daha sonra deyilir: "Böyük Britaniya Müdafiə Nazirliyi martın 19-da axşam saatlarında kəşfiyyat brifinqində bəyan edib ki, Ukrayna öz hava məkanını effektiv şəkildə müdafiə etməyə davam edir və Rusiyanı məhz öz hava məkanından atılan silahlara güvənməyə məcbur edir. Məlumatda deyilir ki, Rusiya "əməliyyat yanaşmasını dəyişmək məcburiyyətində qalıb və indi "məhvetmə” strategiyasını həyata keçirir”. Belə strategiya (konkret hərbi hədəf seçmədən yaşayış məntəqələrini atəşə tutmaq) çox güman ki, dinc əhali arasında itkilərin artmasına, Ukrayna infrastrukturunun dağılmasına və humanitar böhranın böyüməsinə səbəb ola bilər”.
Lakin Putinin "B” planı Bayden və Zelenskinin "A” planı ilə baş-başa gəldi. Görünən odur ki, sonuncuların planı (Rusiya ordusunu məhv etmək və ruhdan salmaq, daha sonra isə Putinin üzünü "sulu” saxlamaq üçün minimal imkan yaratmaqla Zelenskinin şərtləri ilə sülh sazişinə məcbur etmək) onların ümid etdiklərindən də daha yaxşı işləyir. Rusiya silahlı qüvvələrinin bütün vəhşiliklərinə və bombardmanlarına baxmayaraq, Zelenski müdrik şəkildə hələ də diplomatik qapıları açıq saxlayır, daim Putinlə danışıqlara israr edir, qüvvələrini və xalqını səfərbər edir.
Bazar günü, martın 20-də "The Times” yazıb ki, "analitiklərin və ABŞ rəsmilərinin fikrincə, üç həftədən çox davam edən aktiv hərbi əməliyyatlardan sonra Ukraynada müharibə dalana dirənib. Bununla belə, Rusiya yalnız cüzi irəliləyiş əldə edib və getdikcə daha çox dinc sakinləri hədəf alır. Rusiyanın ilk hücum qüvvələrini Ukrayna ordusu darmadağın edib. Rusların Kiyevi və ya Xarkov və Odessa kimi digər böyük şəhərləri ələ keçirmək üçün kifayət qədər canlı qüvvəsi və texnikası yoxdur”.
Baydenin "A” planı - Rusiyaya qarşı görünməmiş iqtisadi sanksiyaların tətbiqi və Rusiya iqtisadiyyatını məhv etmək olsa da, o, Putini müharibədən çəkindirmək məqsədilə bu barədə onu əvvəlcədən açıq şəkildə xəbərdar etmişdir. Baydenin bəlli strategiyasına Ukraynaya silah göndərmək də daxil idi. Nəticə özünü çox gözlətmədi və çox güman ki, Baydenin gözləntilərini üstələdi. Belə ki, könüllü və ya işçilərinin təzyiqi ilə Rusiyadakı fəaliyyətini dayandıran yüzlərlə xarici şirkət sanksiyaların gücünə güc qatdı.
Qərbdən mikroçip və digər lazım olan xammalı əldə edə bilmədiklərindən bir çox Rusiya zavodları bağlanmağa məcburdur. Kommersiya təyyarələrinin əksəriyyəti faktiki olaraq İrlandiya lizinq şirkətlərinə məxsus olduğundan Rusiya daxilində və xaricində hava səyahətləri azalır, Rusiyaya məxsus təyyarələrə isə Airbus və Boeing tərəfindən texniki xidmət göstərilməyəcək. Bu arada, Putin müharibəyə başladıqdan bir ay ərzində texnoloji sahədə çalışan minlərlə gənc rus ölkəni tərk etməklə müharibəyə etirazlarını bildirir.
"The Washington Post” "Castellum.ai” iqtisadi araşdırmalar şirkətinə istinadən yazır ki, "Rusiyanın mal və xidmətlərinin yarıdan çoxu sanksiyalar və ya ticarət məhdudiyyətləri tətbiq edən 46 ölkədən gəlir, ABŞ və Avropa İttifaqı bu siyahıda liderlik edir”.
Deməli, hazırda əsas sual ortaya çıxır – hansı təzyiq daha təsirli olacaq? Putinin hərbi maşınının NATO ölkələrinə yaratdığı "qaçqın” təzyiqi, yoxsa Ukraynada ilişib qalmış rus ordusuna və Rusiya iqtisadiyyatına yaradılmış sanksiya və boykot təzyiqi?
"Post”un məqaləsində həmçinin qeyd edilir ki, "cümə axşamı, martın 18-də Rusiya prezidenti Vladimir Putin iqtisadi məsələlərə həsr edilmiş müşavirədə çıxış edərək ölkənin üzləşdiyi dərin iqtisadi problemləri etiraf edib”.
Deməli, hazırda əsas sual ortaya çıxır – hansı təzyiq daha təsirli olacaq? Putinin hərbi maşınının NATO ölkələrinə yaratdığı "qaçqın” təzyiqi, yoxsa Ukraynada ilişib qalmış rus ordusuna və Rusiya iqtisadiyyatına yaradılmış sanksiya və boykot təzyiqi?
Bu sualın cavabı müharibənin nə vaxt və necə başa çatacağını, kimin qalib və məğlub, yaxud ehtimal olunan kompromisin Putinin lehinə və ya əleyhinə olduğunu müəyyən edəcək.
"Ehtimal olunan” ona görə deyirəm ki, Putin üçün hər-hansı kompromis qəbuledilməz ola bilər. O, tam qələbə istəyir, digər variantlar isə onun avtoritar hakimiyyətini sarsıdacaq bir rüsvayçılıqdır. Bu halda o, "C” planını seçə bilər. Məncə, bu plan özündə Polşa sərhədindən Ukraynaya gedən hərbi təchizat marşrutlarına aviasiya və ya raket zərbələri nəzərdə tutur.
Polşa, NATO-nun üzvüdür və onun ərazisinə edilən istənilən hücum bütün digər NATO üzvlərinin Polşanın müdafiəsinə qalxmasını şərtləndirməlidir. Ola bilsin Putin hesab edir ki, o, hücuma keçərsə və bəzi NATO üzvləri Polşanı müdafiə etməkdən imtina edərlərsə, o zaman NATO parçalana bilər. Belə hücum, şübhəsiz ki, hər bir NATO ölkəsində, xüsusən də ABŞ-da Rusiya ilə potensial Üçüncü Dünya Müharibəsində birbaşa iştirakla bağlı qızğın müzakirələrə səbəb olardı. Putin NATO-nu parçalamağı bacarsa, bu, onun Ukraynadakı bütün itkilərinə göz yumacaq qədər nailiyyəti olardı.
Amma Putinin "A”, "B” və "C” planları uğursuz olarsa, qorxuram ki, o, küncə sıxılmış heyvan kimi "D” planına əl atar - kimyəvi silah və ya Xirosima və Naqasakidən sonra ilk dəfə nüvə bombasından istifadə edər. Bu sətirləri yazmaq mənim üçün çətindir, hətta bu haqda düşünmək məni incidir. Lakin bu variantın mümkünlüyünə məhəl qoymamaq çox sadəlövhlük olardı.
Tərcümə: Nizami Bağırov