Ulu Öndər Heydər Əliyevin 24 mart 1998-ci ildə Novruz bayramının qeyd edilməsi ilə əlaqədar bir vəsiyyət etmişdir: “Gün o gün olacaq ki, Novruz bayramını bir dəfə Şuşada, o biri il Laçında, o biri il Kəlbəcərdə, Ağdamda, Füzulidə, Cəbrayılda, Zəngilanda, Qubadlıda keçirəcəyik. Əminəm ki, belə də olacaqdır. Mən buna inanıram və bu inamla yaşayıram, bu inamla işləyirəm və bu inamla da Azərbaycan xalqına rəhbərlik edirəm”.
Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev Ümummilli Liderin vəsiyyətini və Azərbaycan xalqının arzularını reallaşdırdı. Ali Baş Komandanın rəhbərliyi altında müzəffər Azərbaycan Ordusu 44 gün ərzində doğma torpaqlarımızı işğaldan azad etdi və biz artıq həmin ərazilərdə Novruz bayramını qeyd edirik.
Novruz bayramının qeyd edilməsinin Azərbaycan mədəniyyəti tarixində xüsusi əhəmiyyətə malikdir. Bunu əsas götürən Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və ISESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva böyük səy göstərərək Novruz bayramının UNESCO tərəfindən Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ siyahısına daxil edilmişdir. 28 sentyabr - 2 oktyabr 2009-cu ildə Birləşmiş Ərəb Əmirliklərinin Abu-Dabi şəhərində keçirilmiş UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Hökümətlərarası Komitəsinin 4-cü Sessiyası çərçivəsində qəbul edilmiş qərara əsasən, Novruz çoxmillətli (Azərbaycan, Hindistan, İran, Qırğızıstan, Pakistan, Türkiyə, Özbəkistan) nominasiya kimi UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Reprezentativ siyahısına salınmışdır.
Bu bayram təkcə onu keçirən türk xalqlarının deyil, ümumilikdə bəşəriyyətin mənəvi dəyəri hesab olunur. İslamdan əvvəlki tarixi dövrə təsadüf olunan Novruz bayramı Azərbaycanla yanaşı bütün Şərqdə qeyd olunur. 23 fevral 2010-cu ildə BMT Baş Assambleyasının 64-cü sessiyasının iclasında 21 mart "Beynəlxalq Novruz Günü” elan olunmuşdur. 28 noyabr - 2 dekabr 2016-cı il tarixlərində Efiopiyanın Əddis-Əbəbə şəhərində keçirilmiş UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Hökumətlərarası Komitəsinin 11-ci sessiyasında İraq, Qazaxıstan, Tacikistan, Türkmənistan və Əfqanıstan da Novruz bayramı nominasiyasına qoşulmuşdur.
Xalqımızın milli adət-ənənəsinə görə Novruz bayramında küsülülər barışmalı, qohumlar bir-birini ziyarət etməli və bayram süfrələri açmalıdırlar. İnsanlar baharın gəlişi ilə torpağın əkib-becərilməsinə, həmçinin meyvə ağaclarının budanmasına başlayır. 21 mart 2000-ci il tarixində Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edərkən Ulu Öndər Heydər Əliyev öz çıxışında demişdir: “Novruz bayramının bizə bəxş etdiyi ən gözəl nemət ondan ibarətdir ki, qədim zamanlardan bu bayramda insanlar kin-küdurəti unudur, küsülülər barışır, ziddiyyətlər aradan götürülür. Demək, bu, dostluq, həmrəylik, yüksək mənəviyyat bayramıdır”.
Ulu Öndərin bu bu sözlərin əsas götürən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Novruz bayramı münasibətilə ilə ölkəmizdə fəaliyyət göstərən siyasi partiyaların rəhbərləri arasında qarşılıqlı bayramlaşma ənənəsinin əsasının qoymaqla ölkədə yeni, mütərəqqi siyasi mədəniyyətin təşəkkülünə nail olmuşdur.
Novruz bayramının fəlsəfəsini dörd ünsürün dörd bayram çərşənbəsi kimi qeyd edilməsidir. Belə ki, ilk çərşənbə Su çərşənbəsi adlanır və bu çərşənbə adətən havaların yavaş-yavaş isinməyə başladığı, çaylardakı buzların əriyərək çaya qarışdığı vaxt ilə üst-üstə düşür. İlin ikinci çərşənbəsi isə Od çərşənbəsidir ki, bu çərşənbədən etibarən günəş torpağı daha çox qızdırmağa başlayır. Üçüncü çərşənbə olan Yel çərşənbəsi günündən ağaclarda tozlanma prosesi başlayır. Dördüncü və ilin son ilaxır çərşənbəsi isə Torpaq çərşənbəsi torpağın oyanması və əkinə hazır olması kimi dəyərləndirilir.
Tarixin müxtəlif mərhələlərindən keçən Novruz bayramının özünəməxsus adətləri formalaşmışdır. Belə ki, “Papaq atmaq”, “qulaq falı”, “tonqaldan tullanmaq”, “üzük falı”, “səməni əkmək”, “yumurta döyüşdürmək” və Novruz bayramı ilə əlaqələndirilən digər məşhur adətlər Azərbaycan xalqının tarixini, onun zəngin folklorunu və fəlsəfəsini özündə birləşdirir.
Digər bir Novruz adəti Səməni xonçasının bəzənməsidir. Novruzda bayram masasının üzərində mərkəzində səməni olan xonçanın olması vacibdir. Səməninin ətrafına milli şirniyyatlar: paxlava - yer kürəsinin 4 istiqamətini, qoğal - günəşi, şəkərbura - ayı, rənglənmiş yumurta - həyatı simvolizə edir. Adətə görə süfrədə “S” hərfi ilə başlayan 8 məhsulun - səbzi, sumaq, sirkə, səməni, süd, su, sünbül və süzmənin olması vacib şərtdir. Bayram süfrəsinin əsas bəzəyi şah plovdur. Novruz bayramı qonşuları, dostları xonçaya yığılmış şirniyyatlara qonaq etməklə davam edir.
Milli sənətkarlarımız Novruz bayramı haqqında mahnılar yazmış və filmlər çəkmişlər. Üzeyir Hacıbəyov, Fikrət Əmirov, Oqtay Zülfüqarov, Rəhilə Həsənova kimi görkəmli bəstəkarlar müxtəlif mahnılar yazmışlar. Həmçinin, Novruz haqqında “Novruzun çələngi” və “Ocaq” kimi filmləri də çəkilmişdir.
Novruz zamanı bütün ölkədə aşıqların, xanəndələrin, və xalq müğənnilərin konsertləri təşkil olunur. Burada kəndirbazlar, pəhləvanlar öz güclərini nümayiş etdirir, meydanlarda kosa və keçəlin iştirakı ilə komik tamaşalar göstərilir. Kosa qışı, keçəl isə yazı simvolizə edir. Söz yarışmasında, əlbəttə ki, keçəl qalib gəlir. Kənd yerlərində at yarışları – çovqan oyunu keçirilir. Bakıda əsas bayram tədbirləri əfsanəvi Qız qalasının ətrafında keçirilir. Həmin gün nəhəng qalanın yüksəkliyini nəhəng səməni bəzəyir, gözəl Bahar qızı Qız qalasında təbiətin oyanmasını, həyatı simvolizə edən məşəli yandırır.
Böyük Zəfərdən sonra Novruz bayramı daha nəşəli olmuşdur. Bu qüruru bizlərə yaşadan Müzəffər Ali Baş Komandan İlham Əliyevin başçılığı altında torpaqlarımızı işğaldan azad edən Milli Ordumuzdur. Allahdan şəhidlərimizə rəhmət, qazilirimizə acil şəfalar, müharibə veteranlarına isə cansağölığı arzu edirik. Tanrı dövlətimizi və millətimizi hifz eləsin. Amin!
Ramazanova Aysel - "Odlar Yurdu" Universitetinin tələbəsi, Nərimanov rayonun könüllüsü