Cari ilin ayının 15-də tarixində Qaradağ Günəş Elektrik Stansiyasının təməlqoyma mərasimi zamanı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev çıxış etmiş və mühüm məsələləri gündəmə gətirmişdir. Prezident bildirmişdir ki, Qaradağ Günəş Elektrik Stansiyasının təməlqoyma mərasimi önəmli hadisədir. 230 meqavat gücündə olan bu stansiya ölkəmizin enerjiyə artan tələbatını ödəyəcək və Azərbaycanın ixrac imkanlarını genişləndirəcəkdir.
Layihənin icraçısı kimi dünyada tanınmış və böyük təcrübəyə malik olan “Masdar” şirkəti seçilmişdir. Məlumdur ki, “Masdar” şirkəti bir çox ölkələrdə uzun illərdir uğurla fəaliyyət göstərir. Bu şirkətin Azərbaycana sərmayə qoyması çox mühüm bir haldır.
Hazırda bütün dünya bilir ki, Azərbaycanda çox gözəl investisiya mühiti yaranmışdır. Çünki Azərbaycan xarici tərəfdaşlar qarşısında üzərinə düşən bütün öhdəliklərini yerinə yetirir. Xarici sərmayənin Azərbaycana böyük həcmdə qeyri-neft sektoruna qoyulması əsas prioritetlərimizdən biridir. Uzun illər ölkəmizdə yalnız neft-qaz sahəsinə 10 milyardlarla dollar sərmayə qoyulmuşdur.
Məlumdur ki, Azərbaycan xam neft, təbii qaz, neft məhsulları və elektrik enerjisini ixrac edən ölkədir. Çünki ölkəmizdə elektrik enerjisinin ixracı nöqteyi-nəzərdən böyük potensial vardır. Hazırda Azərbaycan dörd qonşu ölkəyə elektrik enerji ixrac edir. Azərbaycan gələcəkdə digər bazarlara da elektrik enerjisi ilə çıxmağı planlaşdırır.
Azərbaycan ilə Birləşmiş Ərəb Əmirlikləri arasında beynəlxalq əlaqələrin böyük perspektivi var və “Masdar” şirkəti də dost ölkəni təmsil edir. Azərbaycan BƏƏ ilə ikitərəfli münasibətlərimiz çox yüksək səviyyədədir, siyasi, iqtisadi, və digər sahələrdə uğurla əməkdaşlıq edirik. Ticarət əlaqələrimiz artır, turizm sahəsində çox böyük imkanlar var. Bərpaolunan enerji istehsalı sahəsində isə əməkdaşlığa bu gün start verilir.
Qeyd etmək lazımdır ki, hələ 3 ayı tamamlanmasına baxmayaraq artıq 855 meqavat gücündə yeni generasiya gücləri yaradılır və 385 meqavat generasiya gücü isə artıq yaradılmışdır. Cari ilin əvvəlindən energetika sahəsində mühüm işlər görülmüşdür. Belə ki, Yanvar ayında Səudiyyə Ərəbistanını təmsil edən “ACWA Power” şirkəti ilə 240 meqavat gücündə Külək Elektrik Stansiyasının təməli qoyulmuşdur. Fevral ayında isə “Azərenerji” tərəfindən inşa edilmiş 385 meqavat gücündə elektrik stansiyasının açılışı oldu və bu gün 230 meqavat gücündə günəş elektrik stansiyasının təməli qoyulur. Bunlar gələcəkdə ölkəmizin iqtisadi inkişafında xüsusi rol oynacaqlar.
Azərbaycan üçün bərpaolunan enerji növlərinin inkişafı prioritet məsələdir. Növbəti 2023-cü ildə əlavə güclər Azərbaycanın ümumi sisteminə daxil ediləcək və bu işin başlanğıc hissəsidir. Uzun illər ərzində mövcud istiqamətdə fərqli işlər aparılırdı. Azərbaycanda mövcud olan sabitlik, iqtisadi inkişaf, qonşu ölkələrlə münasibətlərimiz, nəqliyyat, kommunikasiyalar, elektrik xətləri nöqteyi-nəzərdən qonşu ölkələrlə sıx təmaslar unikal bir vəziyyət yaratmışdır. Azərbaycanın nəinki xam neft, neft məhsulları və təbii qaz, eyni zamanda, elektrik enerjisinin böyük istehsalçısı və ixracatçısı olacağı planlaşdırılmışdır.
Müasir vəziyyət göstərir ki, qonşu ölkələrdə və Avropa qitəsində elektrik enerjisinə böyük ehtiyac yaranmışdır. Azərbaycan elektrik enerjisini yalnız ekoloji cəhətdən təmiz mənbələrdən istehsal edir və ölkəmizdə bərpaolunan enerji növlərinin potensialı həddindən artıq böyükdür. Məhz buna görə dünyanın aparıcı enerji şirkətləri Azərbaycanla bu sahədə əməkdaşlıq etməkdə çox maraqlıdırlar.
İkinci Qarabağ müharibəsində qazandığımız Zəfərdən sonra işğaldan azad edilmiş ərazilərdə aparılmış ilkin haesablamalar göstərir ki, həmin ərazilərdə günəş və külək enerji növlərinin istehsalı təxminən 9-10 min meqavata çata bilər. İlkin addımlar da atılır, BP şirkəti ilə generasiya gücü 200 meqavatdan çox olan günəş elektrik stansiyasının inşası ilə bağlı danışıqlar gedir. Digər böyük şirkətlər bu bölgəyə maraq göstərirlər və inanırıq ki, ölkəmizdə olan münbit investisiya mühitini nəzə rə alan digər şirkətlər də həmin sahəyə sərmayə qoyacaqlar.
Müharibənin qurtarmasından keçən qısa müddət ərzində görülmüş işlər Azərbaycanın iqtisadi potensialından xəbər verir. Belə ki, keçən il 4 su elektrik stansiyası bərpa olunmuşdur ki, onların da ümumi generasiya gücü 20 meqavatdır. Cari il isə 5 su elektrik stansiyasının yenidən qurulması planlaşdırılır və bu stansiyaların generasiya gücü 27 meqavat olacaqdır. Bu stansiyaların ancaq Kəlbəcər və Laçın rayonlarında sayı 30-dan çox olacaqdır və bunlar ancaq su elektrik stansiyalarıdır. Günəş və külək elektrik stansiyalarının yaradılması üçün daha böyük potensial vardır. Qısa zaman kəsiyində bütün infrastruktur yaradılmış, daxili xətlər müasirləşdirilmiş, bir çox yeni yarımstansiyalar inşa olunmuş, o cümlədən işğaldanazad edilmiş ərazilərdə cəmi bir il ərzində 7 yarımstansiya inşa edilmişdir.
Ölkəmizdə sənaye və iqtisadiyyatı durmadan inkişaf edir. Belə ki, cari ilin iki ayı ərzində ümumi daxili məhsul 6,7 faiz, qeyri-neft sektoru 10,1 faiz, qeyri-neft sənaye istehsalı təxminən 21 faiz artmışdır. Bütün bunlar postpandemiya dövründə əldə edilmiş nailiyyətlərdir və onu göstərir ki, Azərbaycanda aparılan islahatlar, sənayeləşmə siyasəti, biznes mühitinin yaxşılaşdırılması və xarici sərmayənin cəlb edilməsi istiqamətində doğrudan da təqdirəlayiq addımlar atılır. Azərbaycan dünya miqyasında o ölkələrdəndir ki, ölkəmizdə xarici dövlət borcu çox aşağı səviyyədədir, cəmi 7,4 milyard dollardır.
Azərbaycanda zəngin neft və qaz yataqlarının olması, onların uğurla istismarı və işlənilməsi iqtisadiyatımızı inkişaf etdirən önəmli amillərdəndir. Ölkəmizdə mövcud olan müasir nəqliyyat, kommunikasiya və elektrik xətləri bizi ixrac bazarları ilə bizi birləşdirir. Dövlət başçısının güclü siyasi iradəsi vardır.
Dünyanın demək olar ki, əksər ölkələri ilə sıx tərəfdaşlıq əlaqələri yaradılmışdır. Sadalanan bu amillərin vəhdəti ölkəmiz üçün çox gözəl bir imkanlar yaradır.
Zaur Abbasov - Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının tələbəsi, Nərimanov rayonun fəal gənci