Bakı şəhər İcra Hakimiyyətinin sabiq aparat rəhbəri Rasim Quliyevin barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.
APA xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsində hakim İbrahim İbrahimlinin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, Rasim Quliyevin cəzası dəyişdirilərək 2 il müddətinə şərti hesab olunub.
O, məhkəmə zalından azadlığa buraxılıb.
Xatırladaq ki, Bakı şəhər İcra Hakimiyyətinin sabiq aparat rəhbəri Cinayət Məcəlləsinin 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) və 314-2.3-cü (qanunla müəyyən olunmuş qaydaları pozmaqla tikinti və ya quraşdırma işlərinin aparılmasına icazə vermə ağır nəticələrə səbəb olduqda) maddələri ittiham olunub.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Rasim Quliyev 3 il müddətinə azadlıqdan məhrum olunub.