1918-ci il 7 dekabr saat 13.00-da şərqdə ilk parlament - Azərbaycan Demokratik Respublikası parlamentinin yaradıldığı gündür.
1918-ci il dekabrın 7-də saat 13-də Hacı Zeynalabdin Tağıyevin qızlar məktəbinin binasında (hazırda Füzuli adına Əlyazmalar İnstitutunun yerləşdiyi bina) Azərbaycan Parlamentinin təntənəli açılışı olub. Bu, bütün müsəlman şərqində o dövrün ən demokratik prinsipləri əsasında formalaşdırılmış ilk parlament idi.
Parlamentin açılışında Azərbaycan Milli Şurasının sədri Məhəmməd Əmin Rəsulzadə geniş təbrik nitqi söyləyib. "Müsavat" fraksiyasının təklifi ilə Əlimərdan bəy Topçubaşov parlamentin sədri, Həsən bəy Ağayev isə onun birinci müavini seçilib. Paris sülh konfransına yola düşmüş Ə.Topçubaşov səfərdə olduğu üçün parlamentin fəaliyyətinə H.Ağayev rəhbərlik edbi. Parlamentin ilk iclasındaca Fətəli xan Xoyski hökumətinin istefası qəbul edilib və yeni hökumətin təşkil olunması qərara alınıb. Yeni hökumətin təşkili yenidən F.Xoyskiyə tapşırılıb.
1918-ci il dekabrın 26-da F.Xoyski parlamentdə öz proqramı ilə çıxış etdi və yeni hökumətin tərkibini təsdiq olunmağa təqdim etdi. Parlament hökumətin proqramını qəbul etdi və F.Xoyskinin təşkil etdiyi hökumətə etimad göstərib.
Azərbaycan Parlamentinin fəaliyyətə başladığı dövrdəki tariximizin çox mühüm ibrət dərslərindən biri də budur ki, Cümhuriyyət xadimlərinin, bütün xalqımızın ilk Azərbaycan Parlamentində ermənilərə 21, ruslara isə 10 yer ayırmasına baxmayaraq, onlar Parlamentin açılışında iştirak etməyiblər. Bakıda fəaliyyət göstərən Rus Milli Şurası Azərbaycanın öz müstəqilliyini elan etməsi ilə "Vahid və bölünməz Rusiya"nın parçalanmasına yol açdığı üçün "Azərbaycanın Rusiyadan ayrılması faktını tanımadı" və Azərbaycan Parlamentini baykot etmək barədə qərar qəbul edib. Lakin Azərbaycanda yaşayan rus-slavyan əhalisinin təzyiqi ilə sonralar Rus Milli Şurası həmin qərarı ləğv etməyə məcbur olub.
Azərbaycan Xalq Cümhuriyyəti dövründə parlamentçilik tariximiz iki dövrə ayrılır: Birinci dövr – 1918-ci il mayın 27-dən noyabrın 19-dək davam edib. Bu altı ay ərzində Azərbaycan Milli Şurası adı ilə fəaliyyət göstərən və 44 nəfər müsəlman-türk nümayəndədən ibarət olan ilk Azərbaycan Parlamenti çox mühüm tarixi qərarlar qəbul edib. İlk Parlamentimiz 1918-ci il mayın 28-də Azərbaycanın müstəqilliyini elan etmiş, ölkənin idarə olunmasını öz üzərinə götürmüş və tarixi İstiqlal bəyannaməsini qəbul edib.
Azərbaycan Milli Şurasının o zaman çox mürəkkəb və həlledici bir tarixi məqamda Tiflisdə-Qafqaz canişininin iqamətgahında elan etdiyi İstiqlal bəyannaməsi Azərbaycan demokratiyası və parlamentarizm ənənələri tarixinin ən parlaq hüquqi sənədi olaraq bu gün də öz tarixi və praktiki əhəmiyyətini saxlamaqdadır.
Milli Şura dövründə Azərbaycan Parlamentinin təsis toplantısı ilə birlikdə cəmi 10 iclası keçirilib. İlk iclas – 1918-ci il mayın 27-də Tiflisdə, son iclas – 1918-ci il noyabrın 19-da Bakıda keçirilib. Mayın 27-də Azərbaycan Milli Şurası təsis olunmuş, iyunun 17-də isə fəaliyyətini müvəqqəti dayandırıb, 6 aydan gec olmayaraq Müəssislər Məclisi çağrılmaq şərti ilə, bütün qanunverici və icraedici hakimiyyəti Müvəqqəti hökumətə verib. Xalq Cümhuriyyəti hökuməti 1918-ci il sentyabrın 17-də Bakıya köçdükdən sonra Azərbaycan Milli Şurası noyabrın 16-da öz fəaliyyətini yenidən bərpa edib. Noyabrın 19-da Azərbaycan Milli Şurası həmin il dekabrın 3-də Müəssislər Məclisinin-geniş tərkibli Azərbaycan Parlamentinin çağırılması haqqında qanun qəbul etdi və öz fəaliyyətini dayandırdı. Beləliklə, Azərbaycan Parlamenti öz fəaliyyətinin bu dövründə, daha doğrusu, Milli Şura dövründə Tiflisdə, Gəncədə və Bakıda fəaliyyət göstərib.
Azərbaycan Xalq Cümhuriyyətinin parlamentçilik tarixində ikinci dövr və ya Bakı dövrü 1918-ci il dekabrın 7-dən 1920-ci il aprelin 27-dək cəmi 17 ay davam edib. İlk iclas – 1918-ci il dekabrın 7-də, son iclas 1920-ci il aprelin 27-də keçirilib. Bu dövrdə Parlamentin cəmi 145 iclası olub. Bütün bu iclaslarda Azərbaycan Xalq Cümhuriyyətinin Parlamenti İstiqlal bəyannaməsinin müəyyən etdiyi prinsiplərə sadiq qalaraq və konkret tarixi şəraiti nəzərə alaraq ölkənin ərazi bütövlüyünü təmin etmək və müstəqilliyini qoruyub saxlamaq, insan haqları və azadlıqlarının dolğun təmin olunduğu ən müasir hüquqi-demokratik dövlət yaratmaq məqsədi daşıyan çox mühüm qanunlar və qərarlar qəbul etmişdi. Bütün bu qanunlar və qərarlar, nəticə etibarilə, hakimiyyətin üç qolunun -qanunvericilik, icra və məhkəmə orqanlarının formalaşdırılmasına yönəlib.
MilliYol.Az
Digər xəbərlər
loading...