Sumqayıt Ağır Cinayətlər Məhkəməsində vəzifəli şəxslərdən hədə-qorxu ilə pul tələb etməkdə təqsirləndirilən Sənan Abdullayev və İlqar Atayevin cinayət işi üzrə məhkəmə iclası başlayıb.
MilliYol.Az "Report"a istinadən xəbər verir ki, məhkəmə prosesinə sədrlik edən hakim Rəşad Əliyev özü-özünə etiraz edib.
O, etirazını onunla əsaslandırıb ki, təqsirləndirilən şəxslərdən biri onun və qohumlarının uzun illər yaxın tanışlıq münasibətləri olduğundan, iş qeyri-obyektiv qərar kimi qiymətləndiriləcək.
Etiraz təmin olunub, cinayət işinin başqa ağır cinayətlər məhkəməsinə göndərilməsi barədə məhkəmə aktı qəbul edilib. Belə ki, cinayət işinin Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınıb.
Sumqayıt Apellyasiya Məhkəməsinin qərarına əsasən, cinayət işi baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
İş hakim Faiq Mahmudovun icraatına verilib. Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.
Qeyd edək ki, Abdullayev Sənan Həsən oğlu və Atayev İlqar Əliabbas oğlu 2021-ci ilin avqustunda Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən saxlanılıb.
Aparılan əməliyyat-istintaq tədbirləri ilə S.Abdullayevin yutub sosial şəbəkəsində yaratdığı “Xəbər kanalı” səhifəsində birgə çəkiliş apardığı İ.Atayevlə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs qismində 2021-ci ilin əvvəllərindən qeyd olunan səhifədə Goranboy Rayon İcra Hakimiyyətinin (RİH) vəzifəli şəxslərinin guya qanunsuz əməllərə yol vermələrinə dair məlumatları video çarxlar formasında yaymasına, həmin video çarxların qeyd edilən səhifədən silinməsi məqsədilə RİH-nin vəzifəli şəxsindən hədə-qorxu ilə 4 min manat məbləğində pul tələb edərək almasına əsaslı şübhələr müəyyən edilib.
İş üzrə əldə edilən sübutlar əsasında S.Abdullayev və İ.Atayevə Cinayət Məcəlləsinin 182.2.1-ci (Qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən hədə-qorxu ilə tələb etmə) və 182.2.2-ci (Təkrar hədə-qorxu ilə tələb etmə) maddələri ilə ittiham elan edilərək barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Xatırladaq ki, R.Əliyev Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin sədri vəzifəsində çalışır.