Prezident İlham Əliyevin Türkiyəyə son işgüzar səfəri bir çox məqamlarla yadda qaldı. Bu səfər iki dövlət arasında əməkdaşlığın, qardaşlığın regional və dünya miqyasında önəmli amilə çevrildiyini bir daha nümayiş etdirdi.
Səfər zamanı müzakirə olunan məsələlər, postmünaqişə dövründə Azərbaycan ilə Ermənistan arasında əlaqələrin normallaşdırılmasının perspektivləri ətrafında fikir mübadiləsinin aparılması, həmçinin Zəngəzur dəhlizinin açılması, onun region üçün yaratdığı perspektivlərin, bu xüsusda Qars-Naxçıvan dəmir yolu xəttinin çəkilməsinin əhəmiyyəti, Azərbaycan-Türkiyə müttəfiqlik əlaqələrinin inkişafından bir daha məmnunluğun ifadə olunması bundan sonra da iki qardaş dövlətin gələcək hədəflərinə doğru çiyin-çiyinə və qətiyyətlə addımlayacaqlarından xəbər verir. Beləliklə, bu səfər iki ölkə arasında əlaqələrin inkişafına və daha da güclənməsinə öz ciddi təsirini göstərəcək.
Bu fikirləri “Yeni Gündəm”ə açıqlamasında Milli Məclisin deputat Anar Məmmədov deyib.
Müstəqillik dövründə Azərbaycanla Türkiyə arasındakı münasibətlər hər zaman çox gözəl, yüksək səviyyədə olub. Türkiyə apardığımız haqq işinə daim dəstək verib. Hazırda da bu münasibətlər nümunəvi xarakter daşıyır. Azərbaycan-Türkiyə münasibətlərinin indiki tarixi mərhələsinə gəlib yetişməsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın da qarşılıqlı sayğısı, inamı, etibarı, lider kimi mərdanə xüsusiyyətləri, regionun və dünyanın gələcəyinə ümumi baxışları, tarixin sınaqlarından çıxmış qardaşlıq güvəni çox mühüm rol oynayır.
Hazırda Azərbaycan və Türkiyənin birgə uğurları, ümumən, türk dünyasının nailiyyətləridir. Türkiyə bu gün regionun və dünyanın ən aparıcı, söz sahibi olan ölkələrindəndir.Azərbaycanla Türkiyə arasında strateji əməkdaşlığın daha da möhkəmlənməsi isə regionun inkişafına, sabitliyinə və təhlükəsizliyinə xidmət edir. Hər iki dövlət özünün iqtisadi və enerji imkanlarından, eləcə də geosiyasi mövqeyindən ikitərəfli və regional əməkdaşlığın genişlənməsi istiqamətində səmərəli surətdə istifadə edir.
Bu gün bölgənin uzunmüddətli inkişaf strategiyasının müəyyənləşdirilməsində aparıcı rol oynayan və iki ölkə arasındakı münasibətlərin çox vacib elementlərindən olan neft və qaz kəmərləri təkcə regionda deyil, eləcə də bütün dünyada dövlətlərimizin nüfuzunu əhəmiyyətli dərəcədə artırıb. Bu layihələr Azərbaycanın, Türkiyənin, eləcə də digər ölkələrin enerji təhlükəsizliyi üçün böyük təminat verməklə yanaşı, eyni zamanda ən çətin anlarda iki qardaş dövlətin birliyi və strateji tərəfdaşlığı regional təhlükəsizlik baxımından da mühüm əhəmiyyət kəsb edir.