Ukrayna Təhlükəsizlik Xidmətinin (SBU) "Alfa” xüsusi təyinatlı dəstəsi Azərbaycan əsilli ukraynalı iş adamı Vaqif Əliyevi saxlayıb.
MilliYol.Az xəbər verir ki, bu barədə "Unian" Ali Radanın deputatı Aleksandr Dublinskiyə istinadən xəbər yayıb.
Bildirilib ki, SBU-nun xüsusi dəstəsi naməlum səbəblərə görə iş adamı Vaqif Əliyevi Ukraynanın qərbindəki Zakarpat vilayətində saxlayıb.
"Xalq deputatı Dubinski xəbər verir ki, Ukrayna Təhlükəsizlik Xidmətinin "Alfa” xüsusi təyinatlı dəstəsi Zakarpatye bölgəsində biznesmen Vaqif Əliyevi saxlayıb. Səbəblər məlum deyil”, deyə "Unian" yazır.
Bildirilir ki, Vaqif Əliyev ukraynalı oliqarx Dmitri Firtaşın və rusiyameylli müxalif "Müxalifət platforması-Həyat uğrunda” partiyasından deputat Vadim Stolyarın biznes tərəfdaşıdır. Vaqif Əliyevin ikili vətəndaşlığının olduğu, Rusiya pasportu daşıdığı haqda məlumat var.
Qeyd edək ki, Vaqif Əhməd oğlu Əliyev 1969-cu ildə Türkmənistanda anadan olub, milliyyətcə azərbaycanlıdır. Ukraynanın on ən iri biznesmenlərindən və developerlərindən biridir. Onun əsas fəaliyyəti kommersiya təyinatlı daşınmaz əmlakın inşası və icarəyə verilməsidir. Kiyevdəki məşhur "Mandarin Plaza” ticarət mərkəzinin, o cümlədən "Senator”, "Parus” və digər ticarət mərkəzlərinin sahibidir. Biznesə hələ məktəbdə oxuyandan başlayıb, məktəbli olanda teatr biletləri alaraq məktəb yoldaşlarına baha qiymətə satıb. 14 yaşında isə dostu və onun atası ilə birlikdə Rusiyanın Tolyatti şəhərindən Kislovodska "Jiqulİ” ehtiyat hissələri daşıyıb satmağa başlayıb. O zaman ehtiyat hissələri qıt olduğundan Əliyevin işləri yaxşı gedib, 18 yaşında artıq o özünə üçotaqlı ev və maşın almışdı...