“Rusiya xarici istiqrazları üzrə güzəşt dövrü aprelin 15-də sona çatır. Rusiyanın ödənişləri həyata keçirmək imkanları getdikcə azalır. Apreldə istiqrazlar üzrə ödənişlərin gecikməsi Venesuela kimi defolta uğramaq deməkdir”.
Hələ bir neçə gün əvvəl “Bloomberg” agentliyi “Morgan Stanley”-in baş strateqi Saymon Veyverə istinadla belə bir məlumat yayıb.
Məlumatda deyilir ki, Ukraynaya qarşı təcavüz nəticəsində Rusiyada ressesiya başlayır, dövlət istiqrazları üzrə ödənişlərdə məhdudiyyətlər tətbiq olunur və istiqrazlar dəyərdən düşür. Bu isə Rusiyanın xarici borcunu ödəmək şanslarını getdikcə daha çox azaldır.
Rusiya Maliyyə Nazirliyi hələ martın 6-da dövlət qiymətli kağızları üzrə ödənişləri ölkəyə qarşı sanksiyaların imkan verəcəyi təqdirdə həyata keçriləcəyini bəyan edib. Lakin bu ödənişlər olunmasa, xarici kreditorlar məhkəməyə müraciət edərək Rusiyanın defolt elan olunmasına nail ola bilərlər. Bu, onlara öz vəsaitlərini Rusiyanın dondurulmuş aktivləri hesabına geri almağa imkan verəcək.
Məlum olduğu kimi, Rusiya Mərkəzi Bankının 640 milyard dollarlıq ehtiyatlarının 380 milyard dolları artıq dondurulub. Bundan əlavə, Rusiya Milli Təhlükəsizlik Fondunun 190 milyard dollar ekvivalentində olan vəsaitlərinin xarici ölkə qiymətli kağızlarına yatırılmış 45 faiz dollar, 45 faiz avro vəsaitlərinə də əl qoyulub.
Artıq maliyyə bazarlarında Rusiyanın defolt olacağına tam əminlik var. Buna görə də ölkəyə məxsus qiymətli kağızlar görünməmiş həddə ucuzlaşıb. Məsələn, 2023-cü ildə qaytarılmalı olan dövlət istiqrazları öz nominal dəyərindən 29 faiz aşağı düşüb. Ukraynaya hücum başlamazdan əvvəl isə bu istiqrazlar nominal dəyərindən baha idi. “Morgan Stanley”-də hesab edirlər ki, bu kağızlar dəyərinin 10 faizindən də aşağı düşə bilər. “Bloomberg”-in Rusiya suveren borc kağızları üzrə tərtib etdiyi indeks ilin əvvəlindən 81 faiz, Belarus kağızları isə 93 faiz dəyər itirib.
Məlum olduğu kimi, Azərbaycanın da Rusiyada kifayət qədər böyük vəsaitləri var. Azərbaycan Dövlət Neft Fondu “VTB Bank”a 500 milyon dollar həcmində investisiya yatırıb və hazırda bu məbləğin itirilmə ehtimalı olduqca yüksək qiymətləndirilir. Hətta Azərbaycandakı əksər iqtisadçı ekspertlər artıq həmin vəsaitlərin itirildiyi fikrindədirlər.
“Yeni Müsavat”-a bu mövzuyla bağlı açıqlama verən iqtisadçı-ekspert Rəşad Həsənov deyib ki, Neft Fondunun Rusiyaya investisiyalarının riskli olduğu hər zaman bildirilib: “Rusiya və Ukrayna arasında gərginlik neçə aylar idi başlamışdı, müharibə ehtimalı getdikcə artırdı. Bu baxımdan, Dövlət Neft Fondu indiyədək müəyyən addımlar atmalı idi. Yəni mümkün olan qədər öz investisiyalarını geri çəkməliydi. Təəssüflər olsun ki, indiyədək bu istiqamətdə hansısa addım atılmadı. Ola bilsin ki, burada siyasi amillər rol oynadı”.
Ekspertin fikrincə, bundan sonra Neft Fondunun Rusiyadakı yatırımları ilə bağlı hansısa addımların atılması mənasızdır: “Belə addım onsuz da hansısa nəticə verməyəcək. Bir tərəfdən, Rusiya özü aktivlərin satılmasının qarşısını alıb. Digər tərəfdən, ola bilsin, yaxın gələcəkdə dəyərsiz aktivlərin qeyri-rezidentlər tərəfindən ələ keçirilməsinin qarşısını almaq üçün hökumət onu bir əldə toplasın, öz nəzarətinə götürsün. Bu halda, şərtlər uyğun olarsa, Neft Fondu bu aktivləri əlindən çıxartsa, daha yaxşı olar. Çünki proses uzunmüddətlidir, Rusiyada resessiya, aktivlərin dəyərsizləşməsi illərlə davam edə bilər. Buna görə də Neft Fondu Rusiyadakı aktivlərini dəyərindən qat-qat aşağı qiymətə sata biləcək”.
Əslində, Rusiya maliyyə bazarı hər zaman riskli və volotillik səviyyəsi yüksək olan bazar hesab edilib. Bu da daha çox Rusiyanın aqressiv xarici siyasəti, eləcə də iqtisadiyyatının əsasən xammal satışından, enerji daşıyıcılarının dünya bazarındakı qitmətlərindən asılılı olmasından irəli gəlib.
Kremlin Ukraynanı işğal qərarı verməsi isə bir daha göstərdi ki, Rusiyadakı kimi siyasi rejimlərin idarə etdiyi ölkələrlə təkcə siyasi deyil, maliyyə-iqtisadi münasibətlərdə, investisiya yatırımları məsələlərində də çox ehtiyatlı və tədbirıli davranmaq zəruridir.
Bu baxımdan, əslində Azərbaycan Dövlət Neft Fondunun məlum 500 milyonluq yatırımı kifayət qədər ciddi rəqəm sayıla bilər. Ancaq bir çox siyasi məqamlar nəzərə alındıqda, nisbətən məqbul haldır ki, bu məbləğ dəfələrlə daha böyük miqdarda olmayıb…