Ukraynanın ZN.UA agentliyi Moskvanın müharibəni dayandırmaq üçün Kiyev qarşısında irəli sürdüyü tələbləri açıqlayıb.
Mətbu orqanın məlumatına görə, onlardan 5-i, Kremlin istədiyi kimi Ukrayna Konstitusiyasında təsbit edilməlidir.
Rusiyanın Ukraynaya qarşı tələbləri bunlardır:
NATO-ya üzvlükdən imtina, Ukraynanın neytral statusu.
Rus dili Ukraynada ikinci dövlət dili olmalıdır. Onu məhdudlaşdıran bütün qanunlar ləğv edilməlidir.
Krım Rusiya ərazisi kimi tanınmalı. Qondarma DXR və LXR-in hazırda Ukraynanın nəzarətində olan ərazilər də daxil olmaqla inzibati sərhədləri daxilində müstəqillikləri Kiyev tərəfindən tanınmalıdır.
"Denasifikasiya". Ultra-millətçi, nasist və neonasist partiyaların və ictimai təşkilatların fəaliyyətinin qadağan edilməsi, nasistlərin və neonasistlərin tərənnümü ilə bağlı mövcud qanunların ləğv olunması.
"Ukraynanın demilitarizasiyası". İstənilən halda istənilən növ silahların gətirilə biləcəyi hücum silahlarından tamamilə imtina.
Öncədən qeyd edək ki, bu tələblərin əksəriyyətinin yerinə yetirilməsi əslində Ukraynanın bir dövlət olaraq varlığına son qoyulması anlamına gəlir.
Kiyevin yuxarıda qeyd edilən tələblərdən yalnız NATO-ya üzvlükdən imtina etmək məsələsində razılığa gələ bilər. Yəni Kiyev neytral ölkə statusu qazanır. Amma əvəzində təhlükəsizliyinə ciddi zəmanətin olmasını da istəyir.
Bunu Ukrayna Prezident Ofisi rəhbərinin müavini İqor Jovkva CNN kanalına müsahibəsində də təsdiqləyib.
"Kiyev, NATO indiki mərhələdə Ukraynanı qəbul etməyə hazır deyilsə, neytrallığa açıqdır. Amma eyni zamanda, bunun üçün Ukraynaya ciddi təhlükəsizlik zəmanəti verilməsini istəyirik ki, bu dəhşətli müharibə və aqressiya gələcəkdə bir daha təkrarlanmasın”, - deyə Jovkva bildirib.
Ofis rəhbərinin müavini qeyd edib ki, Kiyev Putinlə və qonşu ölkələrlə "yenilənmiş Avropa təhlükəsizlik sistemi” məsələsi ətrafında işləməyə hazırdır.
Rus dilinin Ukraynada ikinci dövlət dili olması məsələsinə gəldikdə, Kiyev buna da razılıq verə bilər. Ancaq Ukrayna buna Donetsk, Luqansk və Krımın Ukrayna ərazisi kimi tanınması fonunda gedə bilər. Yəni Ukrayna heç zaman Donetsk, Luqansk və Krımın itirilməsilə barışmayacaq. Qərbdən dəstək gəldikcə, Kiyev belə bir alçaldıcı "güzəştlərə” birmənalı olaraq getməyəcək. Kiyevin situasiyadan asılı olaraq "Denasifikasiya"ya gedəcəyi, ultra-millətçi, rusların nasist və neonasist hesab etdiyi partiya və ictimai təşkilatların fəaliyyətini qadağan etməsi, nasistlərin və neonasistlərin tərənnümü ilə bağlı mövcud qanunları ləğv edəcəyi də gözləniləndir. Amma aydın məsələdir ki, Ukrayna buna getsə də, yenidən fürsət yaranan kimi əvvəlki vəziyyətə qayıda da bilər.
Demilitarizasiya, istənilən halda istənilən növ silahların gətirilə biləcəyi hücum silahlarından tamamilə imtina məsələsinə gəldikdə, Kiyevin yuxarıda qeyd etdiyimiz kimi, təhlükəsizliyinə tam zəmanət aldığı təqdirdə, Kremlin bu tələbini yerinə yetirməsi də mümkün görünür.
Hər halda, Ukrayna Moskvanın burada qeyd edilən heç də bütün tələblərinə baş əyməyəcək. Xüsusən də dövltçilik və ərazi bütövlüyü məsələlərində. Kiyevə Qərbdən ciddi dəstəyin olması belə düşünməyə əsas verir ki, Moskva da sonda danışıqlar masası arxasında oturarkən, tələblərdən bəzilərindən imtina edə bilər.