Moskvanın Ukraynaya təcavüzü Rusiyaya qarşı dünya miqyasında ciddi sanksiyaların meydana çıxmasına gətirib çıxarıb. Rusiya və onun vətəndaşları xüsusən də Qərbdə bütün sahələrdə sanksiyalara məruz qalır. Hətta bu sanksiyalar özünü humanitar-psixoloji müstəvidə də göstərir. Avropanın müxtəlif ölkələrində çalışan və Putinin Ukraynaya münasibətdə siyasətini dəstəkləyən sənət adamları, elm, incəsənət xadimləri, alimlərlə bağlanan müqavilələrə xitam verilir.
lmaniyanın Münhen şəhərində yerləşən "Latros” klinikası isə deyildiyinə görə, rus və belarus xəstələri qəbul etməyəcəyini bildirib. Klinikanın rəhbərliyi deyib ki, Rusiya və Belarus vətəndaşlarının əvvəlcədən planlaşdırılan əməliyyatları da təxirə salınıb.
Bir çoxları Qərbdə yer alan bu hadisələri ruslara qarşı diskriminasiya kimi dəyərləndirir. Rusiyanın özü mövcud vəziyyətdə hay-küy qaldıraraq guya Qərbdə millətçilik, neofaşist meyillərinin baş qaldırdığını bəyan edir. Amma reallıqda mənzərə tamamilə başqadır. Hazırda Avropanı Ukraynadan gələn çoxsaylı qaçqınlar ordusu bürüyüb. İndiki halda onların sayı 2,5 milyonu keçib. Müharibənin davam edəcəyi təqdirdə, bu sayın 4-5 milyona çatacağı güman edilir. Belə vəziyyətdə aydındır ki, Avropadakı xəstəxanalar və klinikaların işi də ağırlaşır. Onlar yerli əhali ilə yanaşı, həmrəylik əlaməti olaraq qaçqın ukraynalılara da xidmət etməli olacaqlar. Hətta müharibənin gedişində Qərbdəki xəstəxanalar ukraynadan gələn yaralıları da qəbul edə bilər. Belə vəziyyətdə isə sözsüz ki, istəsələr belə, Avropadakı klinikalar rus və belarusdan olan xəstələri qəbul etməkdə çətinlik çəkə bilərlər. Ən azından indiki situasiyada bu, elə rus və belarusların təhlükəsizliyi baxımından vacibdir.
Başqa bir tərəfdən, hazırda Rusiya Minsk istisna olmaqla dünyanın bütün digər marşrutları üzrə hava reyslərini dayandırıb. Bu vəziyyətdə isə rus və belarus vətəndaşların ölkədən xaricə, hətta yaxın xaricə çıxmaları belə mümkünsüzdür. Ona görə Avropa xəstəxanalarının rus və belarus vətəndaşları barədə hansı qərar qəbul edib-etməmələrindən asılı olmayaraq, sözügedən ölkələrin əhalisi onsuz da hələ bir müddət müalicə və digər məqsədlərlə xaricə uça bilməyəcəklər. Elə Kremlin Qərbin sanksiyalarına cavab olaraq əks istiqamətə yönəlik addımlarının özü də rus vətəndaşlarının ölkədən çıxmalarına imkan vermir.
Görəsən, Avropada mövcud vəziyyətdə sözügedən ölkə vətəndaşlarına münasibətdə sərgilənən bu münasibət Rusiyada şovinist baxışların daha da artmasına, yoxsa, Qərbin istədiyi kimi Putinə qarşı etirazların güclənməsinə təkan verəcək?
Məsələ ilə bağlı Qaynarinfo-ya danışan politoloq Qabil Hüseynliyə görə, bu kimi hadisələr Rusiyada Putinə qarşı yönələrək, ona münasibətdə narazılığın artmasına gətirib çıxara bilər. Həmsöhbətimizin fikrincə, belə hadisələrə humanist nöqteyi-nəzərindən yox, geopolitik və geosiyasi hadisələr kontekstində baxmalıyıq:
"Hazırda bütün dünyada Rusiyaya qarşı sanksiyalar tətbiq edilir. Bu mənada Avropa xəstəxanalarının rus və belarus vətəndaşlarının üzünə bağlanmasına humanist nöqteyi-nəzərdən yox, geopolitik və geosiyasi hadisələr kontekstində baxmalıyıq. Həmin vətəndaşların hökuməti Ukraynaya qarşı amansız təcavüzkar müharibə aparır, insanları qırır, evləri xarabazarlığa çevirir. Bu mənada da Almaniyadakı xəstəxanaların rus və belarus vətəndaşlarını qəbul etməmələri düzgün addımdır. Xaricdə olan bu iki ölkənin vətəndaşları geri qayıdıb Rusiya və Belarus əhalisini dünyanın Putinə və onun işğalçı siyasətinə qarşı olduğuna inandırsa, daha yaxşı olar”.