İsraillə Türkiyə arasında münasibətlərin normallaşması istiqamətində deyəsən mühüm addımlar atılmaqdadır. Ən azından İsrail Prezidenti İsaak Hersoqun Türkiyəyə başlanan səfəri belə düşünməyə əsas verir. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada səfərdə olan İsrail Prezidenti İsaak Hersoqu Beştəpə iqamətgahında rəsmi mərasimlə qarşılayıb. Ardınca iki ölkə prezidentlərinin təkbətək görüşü olub. Danışıqlardan sonra liderlər birgə mətbuat konfransı keçirəcəklər. Görüşün detalları, əldə ediləcək nəticələr hələlik bəlli deyil. Ancaq İsrail Prezidentinin şəxsən özünün Türkiyəyə səfəri onu deməyə əsas verir ki, Ankara ilə Təl-Əviv arasında 2010-cu ildən pozulan münasibətlər artıq arxada qalıb və bundan sonra həmin əlaqələrdə müsbət dəyişikliklər baş verəcək.
Qeyd edək ki, bu səfərdən bir müddət öncə, fevralın 6-da Hersoqla Ərdoğan arasında telefon danışığı olub ki, burada da dövlət başçıları tezliklə görüşmək imkanlarını müzakirə ediblər.
Türkiyə ilə İsrail arasında münasibətlərin pozulmasının təməli 2009-cu il yanvarın 29-da İsveçrənin Davos şəhərində "Qəzza: Orta Şərqdə sülh" mövzusunda keçirilən konfransda qoyulub. O zamankı Baş nazir R.T.Ərdoğan İsrailin həmin dövrdəki prezidenti Şimon Peres çıxış edərkən Təl-Əvivi fələstinlilərə münasibətdə obyektiv və ədalətli davranmamaqda qınayaraq, "one minute" ("bir dəqiqə") deyərək dövlət başçısının sözünü kəşmişdi. Bundan sonra tərəflər arasında diplomatik qalmaqal yaşandı.
Ardınca bu münasibətlər 2008-2009-cu illərdə baş vermiş Qəzza müharibəsi və 2010-cu ilin mayın 31-də İsrailin Qəzza bölgəsinə humanitar yardım daşıyan "Mərmərə” gəmisinə hücum nəticəsində pisləşib. Həmin insident nəticəsində 9 Türkiyə vətəndaşı qətlə yetirilib. İsrail tərəfi uzun müddət öz hərbçilərinin bu əməlinə görə üzr istəməkdən imtina edib. Türkiyə isə buna cavab olaraq reydin iştirakçıları və komandirlərinə qarşı cinayət işi başlamış, eyni zamanda İsraillə mövcud olmuş sıx hərbi, iqtisadi və siyasi münasibətləri dondurmuşdu. Bundan başqa, rəsmi Ankara HƏMAS hərəkatının nümayəndələrini qəbul edərək, onlara iqtisadi yardım vəd etmiş, bu addım isə İsrail tərəfindən kəskin narazılıqla qarşılanmışdı.
Təl-Əviv yalnız 2013-cü ilin martında üzr istəmişdi. Lakin həmin ilin oktyabrında İrandakı İsrail xüsusi xidmət orqanlarına xidmət edən əməkdaşların aşkara çıxarılmasında Türkiyənin rolunun olması İsrail və Ankara arasındakı əlaqələrə növbəti zərbə vurdu. 2015-ci ilin sonunda Türkiyə və İsrail əlaqələri yenidən bərpa etmək üçün gizli danışıqlara start verir. 2016-cı ilin iyunun 27-də, nəhayət, tərəflər əlaqələrin normallaşdırılması barədə razılığa gəlirlər. 2016-cı ildə 6 il əvvəl pozulan diplomatik əlaqələr yenidən bərpa olunur.
Bununla belə, İsrailin əvvəlki baş naziri Benyamin Netanyahunun dövründə iki ölkə arasında münasibətlərdə soyuq küləklər əsməkdə davam edirdi. Yalnız Naftali Bennettin baş nazir postuna gəlməsindən sonra münasibətlər daha sürətli şəkildə normallaşmağa başlayıb. Bu da onu göstərir ki, İsrailin yeni hökuməti Türkiyə ilə aralarında xeyli müddətdir yaşanan soyuq münasibətlərə birdəfəlik son qoymaq niyyətindədir. İsrail Prezidentinin bu müstəvidə Ankaraya olan səfəri sözsüz ki, mühüm rol oynayacaq. Məhz İsrail Prezidentinin Türkiyəyə səfəri həm də onu deməyə əsas verir ki, Təl-Əviv 2010-cu ildəki səhvini anlamağa başlayıb. Başqa bir tərəfdən, yeni İsrail hökuməti qonşuları ilə münasibətləri normallaşdırma kursunu götürüb. Belə ki, son zamanlar, Təl-Əviv, nəhayət, bir sıra ərəb ölkələriylə diplomatik münasibətləq qurub. Netanyahudan fərqli olaraq Bennet hökumətinin Türkiyə ilə münasibətləri normallaşdırmaq niyyəti də məhz bundan qaynaqlana bilər.
Başlanan proses onu deməyə əsas verir ki, ani olmasa da, münasibətlər tədricən 2010-cu ildəkindən əvvəlki məcraya qayıda bilər.
Rüfət Sultan