Ukraynadakı böhranı dayandırmaq üçün bu ölkənin Prezidenti Volodimir Zelenski son çıxışında bəyan edib ki, müharibəyə yalnız Rusiya prezidenti Vladimir Putinlə birbaşa danışıqlar son qoya bilər.
Zelenski deyib ki, yalnız Rusiya prezidenti ilə birbaşa və qarşlıqlı kompromisə söykənən dialoqla müharibəni dayandırmaq olar:
"Bütün danışıqlarda məqsədim müharibənin başa çatmasıdır. Mən də müvafiq addımlar ata bilərəm. Kompromis mümkündür, lakin bu, mənim ölkəmə xəyanət olmamalıdır. Mən hələ detalları açıqlaya bilmərəm. Çünki Rusiya prezidenti ilə birbaşa təmasım yoxdur. Yalnız 2 prezidentin birbaşa danışıqları müharibəyə son qoya bilər”.
Qeyd edək ki, artıq neçənci dəfədir, Zelenski Putinlə görüşməyə hazır olduğunu bəyan edir. Amma hələ də qarşı tərəf bu məsələdə susur. Görünən odur ki, az qala hər gün Ukrayna məsələsindən danışan Putin Zelenski ilə danışıqlar məsələsinə isə ümumiyyətlə toxunmur. Bu istəyi Putin yaxına belə buraxmır. Amma son təşəbbüsü ilə Ukrayna Prezidenti topu nəhayət ki, Putin tərəfə atmağa nail olub. Belə ki, müharibəyə yalnız Putinlə birbaşa danışıqların son qoya biləcəyini deməklə Zelenski Rusiya Prezidenti tərəfə elə bir top atıb ki, Kreml sahibi istəsə də-istəməsə də, bu məsələyə ən azından hansısa bir münasibət bildirməli olacaq. Əks təqdirdə, Putin haqqında dinc sakinlərin də məhv edilməsilə nəticələnən bu müharibəyə son qoymaq niyyətində olmayan bir lider obrazı formalaşacaq ki, bu da Kreml sahibinin heç də ürəyincə olmaya bilər. Zelenski bununla qarşı tərəfə həm də onu göstərir ki, iki lider arasında birbaşa danışıqlar baş tutmasa, istəməsə belə, o da müharibəni davam etdirməli olacaq.
Zelenski kompromisin mümkün olduğunu, lakin bunun ölkəsinə xəyanət formasında olmayacağını deməklə, güman ki, Ukraynanın neytral dövlətə çevrilməsinə razı olduğuna işarə vurub. Bu açıqlaması həm də onun heç bir halda ölkəsinin ərazi itkisinə getməyəcəyi anlamına gəlir.
Bu arada Ukrayna xarici işlər naziri Dmitri Kuleba ilə Rusiya xarici işlər naziri Sergey Lavrov arasında Antalyada keçirilən görüş də başa çatıb. Danışıqların çətin keçdiyini deyən ukraynalı nazirin açıqlamasından belə görünür ki, tərəflər hər hansı bir razılığa gələ bilməyiblər. Kuleba qeyd edib ki, görüşdə humanitar dəhlizlərin açılması və atəşkəs məsələsi müzakirə olunub.
Ümid var idi ki, XİN rəhbərləri arasında təmasdan müsbət nəticə hasil olarsa, bu, sonrakı mərhələdə dövlət başçıları arasında da anoloji görüşün olmasına müəyyən təkan verə bilərdi. Ancaq Antalyadakı görüşün nəticəsiz bitməsi son ümid yeri olan Zelenski-Putin görüşünü də mümkünsüz edir. Çünki Putin hələ də dağıdıcı müharibəni davam etdirmək niyyətindədir...
Rüfət Sultan