Ciddi sanksiyalara məruz qalan Rusiya baş naziri Mixail Mişustinin verdiyi qərarla ölkəsinin İnformasiya kommunikasiya texnologiyaları (İKT) sahəsinə dəstək olmaq üçün bu sahəyə vergi güzəştləri, qrantlar, ipoteka güzəşti tətbiq etmək qərarına gəlib. Qeyd edilir ki, bu güzəştlər mobil proqramların tərtibatçıları və şirkətlərinə şamil ediləcək. 3 il ərzində bütün İKT şirkətləri gəlir vergisindən və yoxlamalardan azad olacaq. Qərara görə, onlara 3 faizdən çox olmamaqla əlverişli kreditlər veriləcək. Bundan başqa, İKT şirkətlərinin əməkdaşları güzəştli ipotekadan yararlana biləcəklər. Başlıcası, burada çalışanların hərbi xidmətə çağırılmasına möhlət veriləcək. Görəsən, Rusiyanın İKT sektoru ilə bağlı belə qərar verməsində məqsədi nədir?
MilliYol.Az-ın bu istiqamətdə suallarını internet media eksperti Səbuhi Abbasov cavablandırıb.
- Ukraynaya hücum fonunda Qərb tərəfindən Rusiyaya qarşı irimiqyaslı sanksiyalar tətbiq olundu. Bu sanksiyalar dünya tarixində ilk dəfə olaraq, demək olar, bütün sahələri əhatə edir. Bu sahələrdən biri və ən mühümü informasiya kommunikasiya texnologiyaları (İKT) sahəsidir. Bu sahə üzrə Rusiya ABŞ və Avropadan bir neçə dəfə geri qalır. Ona görə də həmin sektor üzrə əhəmiyyətli dərəcədə xaricdən asılıdır. Sanksiyalar, göründüyü kimi, Rusiyanın İKT sahəsinə də ciddi təsir etməkdədir. Ancaq hələlik ilk günlər olduğundan bu təsir özünü elə də ciddi göstərmir. Çünki Rusiyanın rezerv ehtiyatlar var. Ona görə də Rusiya hələlik müvəqqəti də olsa vəziyyətdən çıxmağı bacarır. Ancaq Rusiya hökuməti gözəl başa düşür ki, bu da müvəqqətidir. Sanksiyalar yaxın 1-2 ay ərzində davam edərsə, Rusiyanın İKT sahəsi tamam çökəcək. Bunun nəticəsində şimal ölkəsi məcbur olacaq ki, indi idxal etdiyi müəyyən texnoloji materialları artıq daxildə istehsal etsin. Ona görə də bu kimi sərəncamlarla Rusiya həm daxildə prosesə başladığını dünyaya göstərir, həm də daxildəki texnoloji şirkətlərin prosesdən az zərərlə çıxmaları üçün stimulverici təklifləri gündəmə gətirirlər. Ancaq dünya texnoloji siyasəti zəncirvari halqa formasında qurulub. Bu halqadan kimsə çıxsa, böyük zərərlə üz-üzə qalacaq. Vaxtilə Çinin ani bir səhvi bu ölkənin bəzi iri şirkətlərinin satışının 50 faizə qədər azalmasına gətirib çıxardı. İKT sahəsində dünyada bəlli qaydalar var. Onun pozulması şirkətin halqadan çıxılması kimi dəyərləndirilir və o, inkişafdan geri qalır.
- Yəni bu qərar Rusiya daxilindəki narazılığı bir növ zəiflətmək məqsədi daşıyır?
- Bu mənada Rusiya hökumətinin İKT sahəsindəki məlum qərarı bir növ daxildəki qıcıqlanmanı müvəqqəti də olsa uzatmaq məqsədi daşıyır. Müasir dövrdə sahibkarlar bütövlükdə texnoloji sahəyə bağlıdır. Onlar bütün fəaliyyətləri, gəlirləri, satış və istehsal prosesini texnoloji platformalar üzərindən qururlar. Belə olan halda sanksiyaların tətbiqi Rusiyadakı sahibkarların gəlirlərinin bəlkə də yarıdan çoxunun itirilməsilə nəticələnib. Həmin səbəbdən Rusiya hökumətinin belə bir qərar verməsi gözlənilən idi. Hökumət düşünür ki, müəyyən güzəştlər, maliyyə subsidiyaları ilə yarana biləcək narazılığı aradan qaldıra biləcək. Amma hökumətin bu addımı daimi deyil, müvəqqəti effekt verəcək. Rusiya cəmiyyəti də bunu anlayır. Ona görə də hökumətin atdığı bu addımları qabaqlayıcı tədbirlər kimi qəbul etməliyik.
- Yəni edilən bu güzəştlər sonda nəticə verəməyəcək?
- Nəinki nəticə verməyəcək, sanksiyaların aradan götürülməməsi fonunda verilən güzəştlərin nəticə verməsi üçün Rusiyaya azı 10-15 il vaxt lazımdır ki, texnoloji istiqamət üzrə xaricdən asılılığı aradan qaldıra bilsin. Bunun üçün Rusiya öz daxilində Apple platforması yaratmalı, Cənubi Koreyadan idxal etdiyi İKT məhsullarının daxildə istehsalına nail olmalıdır. Maşınqayırma, kompüter texnologiyası baxımından Avropadan asılılığa son qoymalıdır. Yəni bu itkilərin əvəzini verilən bir sərəncamla doldurmaq mümkün deyil.
O mənada sanksiyaların aradan qaldırılması üçün Rusiya addım atmasa, yaxın 10 ildə şimal ölkəsinin iqtisadiyyatı böyük həcmdə çökəcək. Yalnız uzaq perspektivdə bu kimi texnoloji platfortmaları daxildə yarada bilsə, vəziyyətdən çıxa biləcəyi barədə nəsə söyləmək olar. İndiki halda isə atılan addım cəmiyyətdəki narazılığı zəiflətmək, iş adamlarına dəyən ziyanın bir hissəsini geri qaytarmaq məqsədi daşıyır.
- Rusiya hökumətinin bu qərarının arxasında güclü haker ordusu yaratmaq niyyəti də dayana bilərmi?
- Rusiyada haker ordusu həmişə olub. İndi də var. Trampın prezident seçkilərində belə iddia irəli sürülmüşdü ki, Rusiya hakerləri ABŞ-dakı səsvermə prosesinə müdaxilələr edir. Məsələ ondadır ki, Ukrayna böhranında Rusiyanın kiber ordusu əsasən haqq və ədalətin yanında olduğundan Kreml qıcıqlanmağa başlayıb. Ancaq Rusiyanın yeni kiber ordu yaratmaq niyyəti yoxdur. Çünki belə komanda onlarda zatən var. Kiber-kəşfiyyat, əks-kəşfiyyat sahəsində Rusiya peşəkardır, öz komandaları, güclü orduları da var. Ona görə də inanmıram ki, verilən qərar güclü haker ordusunun yaradılmasına hesablanıb. Məqsəd o deyil.
Rüfət Sultan