“Azərbaycan həm Ukraynanın ərazi bütövlüyünü dəstəkləyir, həm də siyasi və iqtisadi partnyor kimi Rusiyaya qarşı aqressiv mövqe sərgiləmir”.
Bu fikirləri son prosesləri dəyərləndirən “VECON CONSULTING” şirkətinin direktoru, Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədr müavini, iqtisadçı Vüqar Oruc Yenicag.az-a müsahibəsində səsləndirib.
Həmin müsahibəni təqdim edirik:
– Vüqar bəy, dünyanın bir sıra ölkələri Rusiyanın Ukraynaya qarşı məlum siyasətini tənqid edir və demək olar ki, Moskva artıq təklənib. Bu fonda Rusiyanın gələcəyini necə görürsünüz?
– Bu gün dünya birqütblü deyil və müəyyən alternativlər mövcuddur. Xüsusilə də Çin və Rusiyanın yaxın mütəffiq olduğu bir sıra ölkələr nəzərə alınmalıdır. Sözsüz ki, Rusiya özünə alternativ siyasət və məkan yaratmağa cəhd edəcək. Rusiyanın iqtisadi ehtiyatları olduqca zəngindir. Bu baxımdan, Rusiya dünya bazarından uzunmüddətli təcrid olunsa da, ayaqda qalmaq və təcrid siyasətinə qarşı müqavimət göstərmək üçün imkanları olacaq. Rusiyanın böyük neft ixracatçılarından biri olduğunu nəzərə alsaq, bu halda potensialı böyükdür. Rusiya indiki siyasətindən imtina etməsə, Qərb öz prinsipiallığını davam etdirəcək.
– Rusiyaya tətbiq olunan sanksiyalar rejiminin gücləndirilməsi müşahidə olunur. Bu rejim Rusiya iqtisadiyyatı üçün nə vəd edir?
– Rusiyaya qarşı tətbiq olunan sanksiyalar bu dövlətin iqtisadiyyatına çox ciddi zərbə vuracaq. Artıq bu zərbənin işartıları özünü göstərməyə başlayıb. Rublun məzənnəsinin sürətlə ucuzlaşması və ölkə iqtisadiyyatının ciddi böhrana sürüklənməsi onu göstərir ki, təcavüzkar siyasətin nəticələri olduqca ağır olacaq. Bu gedişat bölgədə olan iqtisadi proseslərə təsirsiz ötüşməyəcək. Rusiya qazının Qərb tərəfindən alınmaması ilə bağlı qərar qəbul olunarsa, bu, dünya bazarında neftin qiymətinin qalxmasına yol açacaq.
– Rusiyadakı proseslərin Azərbaycan üçün gözlənilən təsirləri hansılardır?
– Məlumdur ki, Rusiya Azərbaycanın əsas ticari və iqtisadi mütəffiqidir. Ölkəmizin iqtisadi əlaqələrinin böyük hissəsi Rusiyanın payına düşür. Bu fonda Rusiyada baş verən proseslər ölkəmizə təsir göstərir. Çox sayda soydaşımız Rusiyada məskunlaşıb. Onların iqtisadi durumu Azərbaycanda yaşayan ailələrinə təsir edəcək. Əgər Rusiyada iqtisadi vəziyyət pisləşsə, həmin ailələrin də maddi çətinliyi olacaq. Rusiya təcavüzkar siyasətindən əl çəkməsə və iqtisadiyyatı uzunmüddətli tənəzzülə uğrayarsa, çox ciddi problemlər yaşanacaq. Sadəcə Azərbaycan Rusiya məhsullarının Qərbə ixracatında iştirak edə bilər və üçüncü tərəf kimi öz mənfəətini əldə edə bilər. Yaxşı olar ki, Azərbaycan gələcək iqtisadi münasibətlərində daha çox demokratik dövlətlərə üstünlük versin. Bu, ölkənin gələcəkdə müəyyən təhlükələrlə üzləşməsi fonunda daha dayanıqlı iqtisadiyyatın formalaşmasına səbəb ola bilər.
– Azərbaycan Ukraynaya humanitar yardım göndərdi və eyni zamanda, vətəndaşlarımız açıq şəkildə dəstək mövqeyini ortaya qoyub…
– Azərbaycan çox ehtiyatlı siyasət həyata keçirir və beynəlxalq prinsipləri nəzərə alır. Ölkəmiz qonşu dövlətlərlə münasibətlərinin pozulmamasını əsas prinsip kimi qəbul edir. Bu olduqca ağıllı siyasətdir. Azərbaycanın siyasi maraqları bu istiqamət üzrə davam etməlidir. Qərb hər nə qədər Rusiyaya qarşı aqressiv olsa da, Azərbaycan Moskva ilə birbaşa sərhədlərə malikdir. Həmçinin Qarabağ məsələsi öz həllini tapsa da, bu istiqamətdə müəyyən problemlərin yaranması ehtimalı var. Bu kontekstdə Rusiya yenidən müharibə ocağı yaratmaq imkanlarına malikdir. Ona görə də ölkəmizin hazırkı xarici siyasəti Azərbaycan-Rusiya münasibətlərində yarana biləcək hansısa problemin qarşısını almağa qadirdir.
Azərbaycan təcavüzdən ziyan çəkən bir dövlət kimi heç vaxt təcavüzkara dəstək verməz. Bu, ölkə başçısının mövqeyində də öz əksini tapıb. Təsadüfi deyil ki, Azərbaycan Ukrayna ərazisində yaradılan qondarma dövlətləri tanımamasını dəfələrlə açıq şəkildə bəyan edib. Bu, ölkəmizin haqq-ədalət mövqeyində olduğunu göstərir. Azərbaycan həm Ukraynanın ərazi bütövlüyünü dəstəkləyir, həm də siyasi və iqtisadi partnyor kimi Rusiyaya qarşı aqressiv mövqe sərgiləmir. Burada əsas məqsəd milli maraqları qorumaqdır.