Ləğv edilmiş Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) sabiq icraçı direktoru Vüqar Səfərlinin ailə üzvləri əmlakları üzərinə qoyulmuş həbslə bağlı apellyasiya şikayəti verib.
APA-nın xəbərinə görə, sabiq fond rəhbərinin oğlanları Seymur və Samir Səfərli, həmçinin həyat yoldaşı Güllər Səfərli ikinci instansiya məhkəməsindən əmlakları üzərinə qoyulmuş həbsin götürülməsini xahiş ediblər. Bakı Apellyasiya Məhkəməsi şikayətçiləri maraqlı şəxs kimi tanıyıb.
Qeyd edək ki, Vüqar Səfərli Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 10 il müddətinə azadlıqdan məhrum edilib.
Ona və ailə üzvlərinə məxsus aşağıdakı əmlakların üzərinə həbs qoyulub:
- Xətai rayonu, Nobel prospektində yerləşən mağaza
- Əhmədli qəsəbəsində yerləşən torpaq sahəsi
-Xətai rayonu Lütfü Zadə küçəsində yerləşən mənzil
- İsmayıllı rayonu, Ticran kəndində yerləşən torpaq sahəsi və ev
- “Mercedens Benz ML 350”, “Wolksvagen Tuareg” və “Toyota land Gruser” markalı avtomobillər.
Bunlardan başqa,Vüqar Səfərlinin “Rabitəbank” ASC-də olan 300 min manat, eyni bankda oğluna məxsus isə 550 min manat əmanətin, həmçinin həyat yoldaşı Güllər Səfərlinin adına Binəqədidə olan torpaq sahəsi, oğlunun adına Novxanı kəndində olan torpaq sahəsi və oğlununa adına Xətai rayonunda olan obyektin üzərinə də məhkəmə qərarı ilə həbs qoyulub.
Xatırladaq ki, ləğv edilmiş Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun vəzifəli şəxslərinin qanunsuz əməllərinə dair Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən əməliyyat keçirilib.
Saxlanılanlar şəxslər barəsində Cinayət Məcəlləsinin 179.4 (mənimsəmə-xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə), 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini leqallaşdırma-külli miqdarda törədildikdə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə-ağır nəticələrə səbəb olduqda), 313 (vəzifə saxtakarlığı) və digər maddələri ilə ittiham elan edilib.