Heydər Əliyev Fondunun dəstəyi ilə Bakı Media Mərkəzinin çəkdiyi “Bir günəş altında” sənədli filminin təqdimatı olub.
MilliYol.Az AzərTac-a istinadən xəbər verir ki, tədbirdə layihənin rəhbəri, filmin baş prodüseri Arzu Əliyeva iştirak edib.
Təqdimatdan əvvəl iştirakçılar Nizami Kino Mərkəzinin foyesində Azərbaycanda milli və etnik rəngarəngliyi əks etdirən fotosərgi ilə tanış olublar.
Təqdimat mərasimində məlumat verilib ki, ölkəmizdə “Multikulturalizm ili” çərçivəsində ərsəyə gələn film Azərbaycanda yaşayan, müxtəlif mədəniyyət, adət-ənənə, fərqli dil və dini etiqada sahib olan azsaylı xalqların və etnik qrupların həyatından bəhs edir.
Filmin hazırlıq prosesində 15 nəfərdən ibarət çəkiliş heyəti bir ilə yaxın müddətdə Azərbaycanın müxtəlif bölgələrində olub, 54 kənd və qəsəbəyə ekspedisiyalar təşkil edilib. Eksperiment xarakteri daşıyan bu səfərlər zamanı 17 etnik qrupun 134 nümayəndəsinin müsahibəsi lentə alınıb. Çəkilişlər ilin bütün fəsillərində aparılıb. Bu, Azərbaycan təbiətinin rəngarəngliyini göstərməyə imkan verib.
Filmin təqdimat mərasimində, həmçinin qeyd edilib ki, “Bir günəş altında” layihəsi bu ilin iyulunda Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Fransanın Kann şəhərində keçirilən Azərbaycan mədəniyyəti günləri zamanı təqdim olunub.
Diqqətə çatdırılıb ki, “Bir günəş altında” sənədli filminin digər dillərə tərcüməsi və müxtəlif ölkələrdə nümayişi nəzərdə tutulur.
MilliYol.Az
Fotolar
Digər xəbərlər
loading...