Ukraynanın paytaxtı Kiyevdə yeraltı keçiddə qalan 9 azərbaycanlı tələbənin yeri dəyişdirilib.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, həmin tələbələr sığındıqları yeraltı dayanacaqdan başqa bir yeraltı bunkerə aparılıblar. Onların ilk qaldıqları yerdə yemək olmadığı üçün sosial şəbəkələrdə müraciətləri yayılmışdı. Məlumata görə, hazırda sığındıqları bunker ərzaqla təmin olunsa da, orada yatmağa yerləri yoxdur.
Diasporla İş üzrə Dövlət Komitəsinin şöbə müdiri Vəsilə Vahidqızı “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirib ki, həmin tələbələrlə mütəmadi olaraq əlaqə saxlayır: “Onların ilk sığınacağa yerləşdiyi vaxtdan əlaqədəyik. Təhlükəsizliyə görə öncədən tələbələrə yerlərini dəyişməmək tövsiyə olundu. Daha sonra onlar başqa bir sığınacağa keçiblər.
Hazırda olduqları yer daha əvvəlkinə nisbətən yaxşıdır. Amma saxlandıqları zirzəmidə internet olmadığı üçün qısa müddətliyinə küçəyə çıxdılar, biz onlarla görüntülü danışdıq, daha sonra yenidən sığınacağa qayıtdılar.
Tələbələrin Ukraynadan təxliyə edilməsi planı var. İlk fürsətdə onlar başqa bir ölkəyə aparılacaqlar”.