İmişli Rayon İcra Hakimiyyətinin (RİH) həbsdə olan sabiq başçısı Vilyam Hacıyevin səhhətində problem yaranıb.
"Report"ən əldə etdyi məlumata görə, o, hazırda Ədliyyə Nazirliyi Penitensiar xidmətinin müalicə müəssisəsində müalicə olunur.
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində V.Hacıyevin cinayət işi üzrə növbəti məhkəmə iclasının keçirilməsi nəzərdə tutulmuşdu. Onun məhkəməyə gətirilmədiyi məlum olub və proses təxirə salınıb.
Xatırladaq ki, sonuncu məhkəmə iclasında V.Hacıyev hakimlər kollegiyasına səhhətində problem yarandığını bildirmişdi.
V.Hacıyev 2021-ci ilin sentyabr ayında koronavirusa yoluxmuşdu.
Qeyd edək ki, 2020-ci il mayın 5-də məhkəmənin qərarı əsasında Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən V.Hacıyevin xidməti və yaşadığı ünvanlarda əməliyyat-istintaq tədbirləri həyata keçirilib. Daha sonra o, həbs edilib.
İstintaq orqanı tərəfindən V.Hacıyevin barəsində Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə və ya isriaf etmə, 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə, yəni vəzifəli şəxsin xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və ya üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməsi və ya qulluq mənafeyi tələb etdiyi halda istifadə etməməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyətin və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurduqda), 311.3.3-cü (rüşvət alma (passiv rüşvətxorluq), külli miqdarda törədildikdə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan olunub.