Yevlax sakinlərinə hədə-qorxu gələrək 21 min manat pul tələb edən şəxslər tutulub.
Bu barədə MilliYol.Az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, Yevlax Rayon Polis Şöbəsinə fevralın 14-də özünü jurnalist kimi təqdim edən Sənan adlı şəxsin şəhər sakini R.Məmmədova hədə-qorxu gələrək 15 min manat tələb etməsi barədə müraciət daxil olub.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində hədə-qorxu ilə tələb etmədə şübhəli bilinən rayon sakinləri – “Kanal S.az” internet portalının təsisçisi Sənan Ələkbərov və Teymur Rüstəmov müəyyən edilərək saxlanılıblar.
Araşdırmalarla onların fevralın 16-da Yevlax şəhər sakinləri - E.Misirxanovaya və G.Süleymanovaya hədə-qorxu gəlməklə ümumilikdə 6 min manat tələb etmələri də müəyyən edilib.
Faktla əlaqədar Cinayət Məcəlləsinin 182-ci maddəsi (hədə-qorxu ilə tələb etmə) ilə cinayət işi başlanılıb.
Yevlax Rayon Polis Şöbəsində araşdırma aparılır.