Gəncə Şəhər İcra Hakimiyyətinin keçmiş başçısı Rasim Daşdəmirovun oğlu Rəşad Daşdəmirov "Bakı Hövsan Beynəlxalq Ticarət Dəniz Limanı” ASC-nin direktoru vəzifəsində çalışır.
Qaynarinfo xəbər verir ki, ASC 2019-cu ildə 10 000 manatlıq nizamnamə kapitalı ilə yaradılıb. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarında göstərilir ki, şirkətin qanuni təmsilçisi Daşdəmirov Rəşad Rasim oğludur.
Araşdırmalarımız zamanı bəlli olub ki, Rəşad Daşdəmirov keçmiş icra başçısı Rasim Daşdəmirovun oğludur.
Rasim Daşdəmirov 1994-2000-ci illərdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışıb. Onun adı çəkiləndə dərhal yada "Lissabonun "sammit şəhəri” ifadəsi düşür.
1996-cı il dekabrın 2-4-də Portuqaliyanın paytaxtı Lissabon şəhərində ATƏT-in növbəti zirvə toplantısı keçirilib. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınmasının baza formulu məhz bu sammitdə müəyyən edilib.
Həmin vaxt Rasim Daşdəmirov sammit barədə danışarkən "Lissabonun sammit şəhəri” ifadəsini işlədib.
Yeri gəlmişkən, Rasim Daşdəmirov hazırda Binəqədi Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın üzvüdür.