İmişli rayonunun sabiq icra başçısı Vilyam Hacıyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
APA-nın xəbərinə görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə İmişli Rayon İcra Hakimiyyətinin (RİH) inzibati binasının tikintisini həyata keçirən şirkətin direktorunun müşaviri Səyalə Səfərova ifadə verib. Şahidin sözlərinə görə, binanın tikintisi üçün təmsil etdiyi “NTC Company” MMC-yə 4 milyon manat pul köçürülüb. Lakin Vilyam Hacıyev həmin vəsaitin 30 faizinin onlara çatmalı olduğunu deyib: "Əvvəl bu qiymətə iş görə bilmərik deyib, etirazımı bildirdim. Bundan sonra işi əlimdən alacağı ilə hədələdi. Məcbur qalıb 30 faizə razılaşdım".
Şahid vəkil Elmar Kərimovun sualını cavablandıran zaman şirkətin bank hesabına köçürülən 4 milyon manatı çıxarmaq üçün səlahiyyəti olmadığını deyib. S.Səfərovanın dediyinə görə, aparılan işlər üçün təmsil etdiyi şirkətin nağd vəsaitindən istifadə olunub.
Şahidin ifadəsinə münasibət bildirən Vilyam Hacıyev onunla hər hansı müqavilə bağlamadıqlarını bildirib.
Prosesdə təqsirləndirilən şəxsin vəkili vəsatət qaldıraraq işi aparan şirkətin direktorunun məhkəmədə ifadə verməsini tələb edib. Vəkil, həmçinin şahidin bu günə qədər verdiyi ifadələrin sübutlar siyahısından çıxarılmasını istəyib.
Məhkəmə vəsatəti baxılmamış saxlayıb.
Proses fevralın 25-də davam etdiriləcək.
Qeyd edək ki, Vilyam Hacıyev Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən keçirilən əməliyyatla saxlanılıb.
İstintaq orqanı tərəfindən toplanmış materiallarla sabiq icra başçısı barəsində Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə və ya isriaf etmə, 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.3 (rüşvət alma (passiv rüşvətxorluq), külli miqdarda törədildikdə) 313-cü (vəzifə saxtakarlığı) və 228-ci (qanunsuz silah saxlama) maddələri ilə yekun ittiham elan olunub.