Xəbər verdiyimiz kimi, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidentinin səlahiyyətlərinin icrası akademiyanın Birinci vitse-prezidenti, akademik Arif Həşimova həvalə olunub.
MilliYol.az xəbər verir ki, o, bu vəzifədə istefa ərizəsi qəbul olunan Ramiz Mehdiyevi əvəzləyib.
Qeyd edək ki, Arif Həşimov 28 sentyabr 1949-cu ildə Naxçıvan Muxtar Respublikasının Şahbuz şəhərindən müəllim ailəsində anadan olub.
1966-cı ildə Azərbaycan Neft və Kimya İnstitutunun Energetika fakültəsinə daxil olmuş, 1971-ci ildə institutu bitirdikdən sonra AMEA Fizika İnstitutunun "Elektrofizika" laboratoriyasında işləməyə başlayıb. Hazırda laboratoriya "Yüksək gərginliklərin fizikası və texnikası" adlanır və A.M.Həşimov onun rəhbəridir. O, 1980-cı ildə namizədlik, 1993-cü ildə isə doktorluq dissertasiyasını müdafıə edib.
Akademik Ç.M.Cuvarlı tərəfindən yaradılmış Azərbaycan yüksək gərginliklər fizikası və texnikası elmi məktəbi A.M.Həşimov tərəfindən əhəmiyyətli dərəcədə inkişaf etdirilib.
A.M.Həşimovun iştirakı ilə yerinə yetirilmiş tədqiqatların nəticələri dəfələrlə SSRİ və Azərbaycan Elmlər Akademiyasının elmi hesabatlarına çox əhəmiyyətli nəticələr kimi daxil edilib.
O, 2002-ci ildə AMEA-nın Fizika İnstitutunun direktoru vəzifəsinə seçilib və bu vəzifəni 01.06.2009-cu ilə qədər icra edib.
A.M.Həşimov bir neçə il Azərbaycan Dövlət Neft Akademiyasında mühazirələr oxumuş və "Yüksək gərginliklər texnikası və elektrotermiki qurğular kafedrası"nın professoru olub. Hazırda Azərbaycan Texniki Universitetin professorudur.
Azərbaycan MEA Fizika İnstitutunda fəaliyyət göstərən doktoru alimlik dərəcəsi verən şuranın sədri (2002–2008-ci illər) və Azərbaycan Elmi-Tədqiqat Energetika və Enerjilayihə İnstitutunda elmlər doktoru alimlik dərəcəsi verən ixtisaslaşdırılmış elmi şuranın üzvü (1994–2005-ci illər) olub. "Energetikanın problemləri" jurnalının baş redaktorunun müavini, "Fizika" jurnalının redaksiya heyətinin üzvüdür.