“Bildiyiniz kimi, bir çox icra başçıları cinayət məsuliyyətinə cəlb olunub, artıq bir çoxu məhkum edilib və bəzilərinin cinayət işlərinin istintaqı davam edir”.
MilliYol.Az xəbər verir ki, bunu Prezident İlham Əliyev yeni təyin olunmuş icra başçılarını videoformatda qəbul edərkən deyib.
“Siz daim insanlarla təmasda olmalısınız, onların problemlərini onlardan eşitməlisiniz, laqeyd olmamalısınız. Yəni, bütün məmurlar qarşısında mənim tərəfimdən qoyulan vəzifələr bundan ibarətdir. Çünki hər bir dövlət məmuru Prezident başda olmaq şərti ilə xalqın xidmətçisidir. Mən bunu dəfələrlə öz çıxışlarımda demişəm və icra başçılarını vəzifəyə təyin edərkən demişəm. Ancaq əfsuslar olsun ki, bəzi hallarda mənim təyin etdiyim vəzifəli şəxslər öz vəzifə borcunu yerinə yetirmək əvəzinə qanunsuz işlərlə məşğul idi, korrupsiya ilə, rüşvətxorluqla məşğul idi. Kasıb insanların malına göz dikmişdilər, dövlət tərəfindən ictimai işlərə cəlb edilən insanların maaşını mənimsəmişdilər. Bu vicdansızlıq və əxlaqsızlıq nəticəsiz qalmadı. Bildiyiniz kimi, bir çox icra başçıları cinayət məsuliyyətinə cəlb olunub, artıq bir çoxu məhkum edilib və bəzilərinin cinayət işlərinin istintaqı davam edir”.