Bu ilin yanvar ayında Azərbaycanda real ÜDM illik ifadədə 5,8% artıb.
APA-nın Azərbaycan Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına görə, bu, son 12 il ərzində yanvar ayında qeydə alınmış ən yüksək illik artım tempidir. Azərbaycan iqtisadiyyatı üçün bundan yaxşı ilin başlanğıcı sonuncu dəfə 2010-cu ildə olub. Həmin ilin yanvarında ÜDM-nin artım tempi 9,2% təşkil etmişdi.
Qeyd edək ki, 2021-ci ildə Azərbaycan iqtisadiyyatı real ifadədə 5,6% böyüyüb. "APA-Economics"in apardığı hesablamalara görə, bu, 2013-cü ildən bəri ÜDM üzrə qeydə alınan ən yüksək artım tempidir. Nəticədə, ötən il Azərbaycanda real ÜDM-nin həcmi COVID-19 pandemiyasından əvvəlki ildə (2019-cu il) qeydə alınan göstəricini 1-1,1% üstələyib.
Proqnozlara gəldikdə, Azərbaycan İqtisadiyyat Nazirliyi bu il ölkədə ÜDM-nin real artımını 3,9% səviyyəsində olacağını gözləyir. Dünya Bankının son proqnozuna görə, bu il Azərbaycan iqtisadiyyatı 3,1%, BMT-nin proqnozuna görə isə 4% artacaq.
Xatırladaq ki, 2020-ci ildə Azərbaycan iqtisadiyyatı 4,3% azalıb.