Məlum olduğu kimi, tarixi ərazi adını özəlləşdirmək cəhdlərinin nəticəsi kimi müstəqil Makedoniya dövlətinə qarşı illərdir Yunanıstanın apardığı açıq və örtülü təzyiqlər vaxtaşırı İran İslam Respublikasının rəsmi və qeyri-rəsmi dairələri tərəfindən bir qədər fərqli formada Azərbaycan Respublikasının əleyhinə də müşahidə olunur. Bu hallara müsəlmanlara düşmən olan işğalçı Ermənistanın müdafiə olunması, habelə İranın ölkəmizdəki səfirliyindən bəhs edəndə respublikamızın adının çəkilməməsi kimi siyasi təzyiqlər, rəsmi görüşlərdə bayrağımızın yanlış şəkildə təqdim edilməsi, ya da heç təqdim olunmaması kimi cılız cəhdlər də daxildir.
AzToday.az xəbər verir ki, bu günlərdə Milli Məclisin üzvü Ülvi Quliyevin “sağ əli” Arif Məmmədovun öz “dəstəsi” ilə iştirak etdiyi İranın paytaxtı Tehranda keçirilən karate üzrə yarışda bayrağımıza qarşı növbəti hörmətsizlik göstərilib.
Ən dəhşətlisi odur ki, bu dəfə müstəqil Azərbaycan dövlətinin atributuna qarşı hörmətsizliyə şəraiti Arif Məmmədov yaradıb və bu rəzil görüntünün şəkillərini də utanmadan özü və “dəstə” üzvləri dəfələrlə sosial şəbəkələrdə paylaşıb. Belə ki, həmin şəkillərdə Azərbaycandan gələn yarış iştirakçılarına medalların təqdim edilməsi mərasimində İranın bayrağı ilə yanaşı, Azərbaycann dövlət bayrağının da yerləşdirilməsi nəzərə çarpır. Amma bayrağımızın səhnəyə elə şəkildə və necə vəziyyətdə qoyulduğunu görəndə bu dövlətin vətəndaşı olaraq fikirləşirsən ki, birdəfəlik təqdim olunmasa, daha yaxşı olardı.
Hər bir vətənpərvər insanımızda ikrah doğuracaq şəkillərdən aydın olur ki, “qonaqpərvər” iranlı “qardaşlar” mükafatlandırma mərasimində İran İslam Respublikasının bayrağının möhtəşəm şəkildə təqdim edildiyi səhnədə Azərbaycan Respublikasının dövlət bayrağını miskin şəkildə elə yerləşdiriblər ki, ay-ulduz simvolu da görünmür. Üstəlik, guya Azərbaycanı təmsil edən Arif Məmmədovun “xidməti” sayəsində səhnəyə dəfələrlə qat kəsmiş bayrağımız asılıb. Sual olunur: minlərlə xərc çəkərək, ölkələr aşaraq Azərbaycandan başqa dövlətə yarışa gedən
Arif Məmmədov 5-10 manatından keçib özü ilə layiqli bayraq apara bilmirdi?
Bu bir tərəfə, Arif Məmmədovun və onun dəstəsinin üzvü olan məşqçilərin bayrağmıza hörmətsizliyə göz yummasının səbəbi nədir?..
…Arif Məmmədovun qonşu ölkədəki biznes maraqları? Əlbəttə ki, pandemiyanın tüğyan etdiyi İranda keçirilən və Dünya Karate Federasiyasına (WKF) uzaqdan-yaxından heç bir əlaqəsi və beynəlxalq nüfuzu olmayan bir yarışa 100-dən çox uşağı və yeniyetməni özü də quru yolla deyil, valideynlərin külli miqdarda xərci hesabına təyyarə yolu ilə aparılması mütləq hansısa kommersiya və biznes maraqlarından xəbər verir.
Şübhəsizdir ki, Azərbaycan Karate-do Federasiyaları Assosiasiyasının prezidenti, deputat Ülvi Quliyevə arxalanmaqla son illərdə “özfəaliyyət”lə məşğul olaraq, ölkəmizdə karate sahəsində intriqa və ikitirəlik yaradan, beynəlxalq karate federasiyalarının təmsilçiliyindən uzaqlaşdırıldıqdan sonra son zamanlar özünü Dünya Müasir Döyüş Növləri Federasiyasının Avropa üzrə vitse-prezidenti kimi təqdim edən A.Məmmədovun budəfəki İran səfəri də öz şəxsi və biznes maraqlarından qaynaqlanıb. Axır vaxtlar A.Məmmədovun ətrafına yığdığı uğursuz bir neçə məşqçidən ibarət dəstəsi (Elşən Xamoyev, Azər Aslanov, Elmin İsayev və digərlərinin daxil olduğu) ilə Azərbaycan Milli Karate Federasiyasının xətti ilə rəsmi beynəlxalq yarışlarda deyil, özbaşına şəxsi münasibətləri olan xaricdəki qondarma federasiyaların əyalət səviyyəli turnirlərində iştirak etməsi bunu bir daha sübut edir.
Beləliklə, idmandan daha çox biznesdə adı hallanan deputat Ülvi Quliyevin dəstəyi ilə Azərbaycan Karate-do Federasiyaları Assosiasiyasında, eyni zamanda Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyində də müəyyən vəzifələr tutan (səhv etmirəmsə, nazirlikdə Müşahidə Şurasının üzvüdür), çox vaxt idmançıları məyus edən qondarma işlərlə məşğul olan A.Məmmədovun dövlət bayrağımıza hörmətsizliyi həzm etməsi, hətta İranın bayrağı qarşısında fəxrlə poz verməsi bu şəxsin ölkəmizi xaricdə təmsil etməyə haqqı çatmadığını göstərir. Arif Məmmədovun İranla hansı maraqlar bağlaması barədə araşdırmalarımız davam edəcək.
Mənbə: AzToday.az