Son bir həftədə iki QHT rəhbəri qanunsuz əməllərinə görə həbs edildi. Belə ki, özünü “İctimai Nəzarət Koalisiyası” İctimai Birliyinin sədri kimi təqdim edən Rasim Məmmədov barəsində Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə cinayət işi başlanıb və o həbs edilib. Bu hadisənin ardınca özünü “Yeni İctimai Nəzarət Şurası”nın sədri kimi təqdim edən Ramil Şükürov da həbs edilib. Ramil Şükürova qarşı Cinayət Məcəlləsinin 178.2.1 (dələduzluq- qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə), 178.2.2 (dələduzluq- təkrar törədildikdə), 178.2.3 (dələduzluq- şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədilikdə), 178.2.4 (dələduzluq- xeyli miqdarda ziyan vurmaqla törədildikdə) və 32.4, 312.2-ci (vəzifəli şəxs tərəfindən bilə-bilə qanunsuz hərəkətlər etməyə görə ona təkrarən rüşvət verməyə təhrik etmə) maddələri ilə ittiham elan edilib.
Ölkədə 4 minə yaxın QHT-nin olduğu bildirilir. Bu iki hadisədən və tez-tez yayılan məlumatlardan da görünür ki, bunların heç də hamısı normal fəaliyyətlə məşğul deyillər. Bir sıra QHT-lərdə korrupsiya ilə bağlı faktlar yeni deyil, amma indi onların etdiyi qanunsuzluqlar o həddə çatıb ki, prokurorluq ciddi bir istintaq işi açıb və belə görünür ki, davamı da olacaq. Baş verənlərin səbəbi nədir, QHT sektorunda “təmizləmə”yə ehtiyac yaranıbmı?
Konstitusiya Araşdırmalar Fondunun rəhbəri, Daxili İşlər Nazirliyi Yanında İctimai Şuranın sədri Əlməmməd Nuriyev “Yeni Müsavat”a bildirib ki, cəmiyyətin müxtəlif təbəqələrində, müxtəlif təsisatlarda qanunsuz hərəkətlərə yol vermiş şəxslər həmişə olub və olacaq: “İstər dövlət qurumları sektorunda, istər özəl sektorda, istər ictimai sektorda olsun, zaman-zaman hansısa qanunsuz hərəkətlərə yol verilməsi hallarına rast gəlinir. İctimai sektorda qanunsuz hərəkətlərə yol verən şəxslərin olması vətəndaş cəmiyyəti sektorunda yetərli səviyyədə rəqabətin olmaması ilə bağlıdır. Rəqabətli mühit olacaqsa, onda belə təsisatlara və belə şəxslərə yer olmayacaq, onlar öz-özünə bu məkandan çıxacaqlar, vətəndaş cəmiyyəti sektoru öz-özünə təmizlənəcək. Ölkə rəhbəri tərəfindən ictimai nəzarətin gücləndirilməsi üçün çağırışlar edilir, qərarlar qəbul olunur. Təəssüf ki, dərhal hansısa ”İctimai nəzarət" adı altında təsisatın həm yaranmasını, həm də sürətlə meydana çıxmasını görürük. Belə saxta təsisatlar ölkədə ictimai nəzarət anlayışına, düzgün ictimai nəzarət mexanizminin formalaşmasına zərbə vururlar, inamsızlıq yaradırlar. O cür adamlar və təsisatlar ictimai nəzarət institutunun özünün fəlsəfəsini ləkələyirlər.
Eyni zamanda Cənab Prezidentin ölkədə ictimai nəzarətin güclənməsi, güclü ictimai nəzarət institutunun yaranmasının vacibliyi barədə mesajlarına sanki hansısa qüvvələrin, adamların müqaviməti var. Ona görə də bax o tipli şəxslər ortaya çıxır və ictimai nəzarət məsələsinə xələl gətirirlər, onu gözdən salırlar. O baxımdan da hesab edirəm ki, elə bir vəziyyət formalaşmalıdır ki, ictimai sektorda təbii rəqabət mühiti yaransın və təmizləmə prosesi öz-özünə getsin. Açıq Hökumət Platforması adından bu bəyanatı cəsarətlə verə bilərəm k, biz o cür “QHT-lər”i sıralarımızda görməkdən məyusuq və qanunsuz hərəkətlərin qarşısının alınması üçün hər cür dəstəyi verməyə hazırıq. Vətəndaş cəmiyyəti sektruna soxulmuş şəxsi maraqlarını qeyri-qanuni yollarla təmin etməyə çalışan şəxslərə sıfır tolerantlıq göstərilməlidir".
Hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı isə bildirib ki, ictimai sektorda, vətəndaş cəmiyyəti sektorunda mənfi istiqamətdə, saxtakarlıqlara gedilmək istiqamətində tendensiya 2014-cü ildən güclənməyə başlayıb və gəlib indiki arzuolunmaz həddə çatıb. Təmizlənmə üçün qanunvericilikdə dəyişikliklərə ehtiyac var: “Məhz 2014-cü ildə QHT-lərə qarşı aparılan ”təmizləmə", “düzən yaratma”, “Qrant haqqında” qanuna, “QHT-lər haqqında” qanuna edilən əlavə və dəyişikliklər, QHT fəaliyyətinin məhdudlaşdırılması və sair addımlar peşəkar, müstəqil QHT-lərin fəaliyyətlərinin məhdudlaşdırılmasına səbəb oldu. Məhz bu zaman boşalan meydana dələduzlar, qanunsuz əməllərlə məşğul olmağı qarşısına məqsəd qoymuş QHT-lər daxil oldu. Odur ki, qeyd etdiyim qanunlarda edilmiş bir sıra dəyişikliklər aradan qaldırılmalıdır. Əks halda, ara-sıra həyata keçirilən həbslərlə bu sektoru normal, həqiqi vətəndaş cəmiyyəti sektoruna çevirmək mümkün olmaz. Hüquqi mühit yaxşılaşdırılmalıdır".
Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri Çingiz Qənizadə isə bildirdi ki, ölkədə ictimai nəzarətin və sağlam mətbuatın fəaliyyəti vacibdir: “Prezident İlham Əliyev uzun illərdir bununla bağlı bəyanatlar verir. İctimai nəzarətin və sağlam medianın fəaliyyətini təqdir edir. Qeyd edir ki, bu istiqamətdə səylər daha da artırılmalıdır. 2012-ci ildə Azərbaycanın qərb bölgəsinə səfəri zamanı Prezident qeyd etmişdi ki, ölkədə ictimai nəzarət artırılmalıdır. Bundan sonra bəzi işbazlar hərəkətə keçdilər və özlərini ictimai nəzarətçi, bloger, media təmsilçisi kimi təqdim edərək, bu və ya digər sahələrə müdaxilə etməyə başladılar. Əsas məqsədləri isə pul qazanmaq, şəxsi maraqlarını həyata keçirmək idi. Buna aid çoxsaylı misallar göstərmək olar. Çox təəssüf ki, biz bu məsələdə gecikdik. Burada həm dövlət qurumlarının, həm də ictimai fəaliyyətlə məşğul olan QHT-lərin, yəni bizlərin günahı var.
Çox təəssüf ki, bu sahədə böyük boşluqlar mövcuddur. Mediada olduğu kimi, qeyri-hökumət təşkilatları sektorunda da qanunvericilik bazası təkmilləşdirilməli, bu sahədə də dərin islahatlar həyata keçirilməlidir. Bu sektorda bir təmizlənməyə ehtiyac var. “İctimai iştirakçılıq haqqında” qanun qəbul edilsə də, müvafiq icra strukturlarının çoxunda ictimai şuraların fəaliyyəti qənaətbəxş səviyyədə deyil. Bu, özünü həm də şuralara keçirilən seçkilər zamanı büruzə verir. İctimai şuralara seçkilərin keçirilməsi qaydaları tənzimlənməlidir".