Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə Rövşən Çingiz oğlu Nəcəf Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti təyin edilib. Bundan əlavə SOCAR prezidenti təyin olunanadək həmin vəzifənin müvəqqəti icrası birinci vitse-prezident Rövşən Nəcəfə həvalə edilib.
MilliYol.Az Rövşən Nəcəfin tərcümeyi-halını təqdim edir:
Rövşən Nəcəf 1982-ci il aprelin 9-da Bakı şəhərində anadan olub.
1997-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq iqtisadi münasibətlər fakültəsinə daxil olub, 2001-ci ildə bakalavr, 2003-cü ildə isə magistratura proqramını fərqlənmə ilə bitirib.
2007-2008-ci illərdə ARDNŞ-in təqaüd proqramı çərçivəsində ABŞ-ın Kolumbiya Universitetində təhsil alaraq, İqtisadi Siyasətin İdarəedilməsi/Beynəlxalq Enerji Menecment və Siyasəti üzrə magistr proqramını uğurla bitirib.
Əmək fəaliyyətinə 2001-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq iqtisadi münasibətlər və marketinq kafedrasında laborant vəzifəsində başlayıb.
2003-2007-ci illərdə Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyinin İnvestisiyalar və beynəlxalq iqtisadi əməkdaşlıq departamentinin İnvestisiya siyasəti şöbəsində məsləhətçi və baş məsləhətçi vəzifəsində çalışıb.
2008-2009-cu illərdə ARDNŞ-in Sərmayələr İdarəsinin Sərmayələr üzrə Kontraktlar şöbəsinin rəisi vəzifəsində işləyib.
2009-2010-cu illərdə İqtisadi İnkişaf Nazirliyində Xarici iqtisadi əlaqələr şöbəsinin müdiri və iqtisadi inkişaf nazirinin köməkçisi olub.
2010-2018-ci illərdə "Azərbaycan İnvestisiya Şirkəti” ASC-nin icraçı direktorunun müavini və icraçı direktoru vəzifələrində çalışıb.
Azərbaycan Prezidentinin 2018-ci il 11 may tarixli sərəncamı ilə Prezident Administrasiyasının İnnovativ inkişaf və elektron hökumət məsələləri şöbəsinin müdiri təyin edilib.
Azərbaycan Prezidentinin 2019-cu il 28 avqust tarixli sərəncamı ilə Maliyyə Monitorinqi Xidmətinin İdarə Heyətinin sədri təyin edilib.
Ölkə başçısının 2020-ci il 11 fevral tarixli sərəncamı ilə Azərbaycan Respublikasının iqtisadiyyat nazirinin müavini, 2021-ci il 23 dekabr tarixli sərəncamla isə iqtisadiyyat nazirinin birinci müavini təyin olunub.
İqtisadiyyat üzrə fəlsəfə doktorudur.
3-cü dərəcəli dövlət müşaviridir.
Evlidir, 2 övladı var.