Xəbər verdiyimiz kimi, Böyük Britaniya məhkəməsi deputat Cavanşir Feyziyevin ailə üzvlərinə - həyat yoldaşı, oğlu və qardaşı oğluna məxsus 5,6 milyon funt-sterlinq (12,9 milyon manat) məbləğində vəsaitin müsadirə olunması haqqında qərar verib. Deputatın ailə üzvlərinə məxsus olan və üzərinə həbs qoyulan 9,7 milyon funt-sterlinq (22,3 milyon manat) isə onlara geri qaytarılıb.
Yeniavaz.com xəbər verir ki, Cavanşir Feyziyevin ailə üzvlərindən bəziləri Böyük Britaniya banklarında milyonlarla vəsait saxlasa da, digər ailə üzvləri Azərbaycanda dövlətdən yardım alıblar.
Böyük Britaniya banklarında böyük həcmdə vəsaiti olan şəxslərdən biri Cavanşir Feyziyevin qardaşı oğlu Elman Bəşir oğlu Cavanşirdir. Azərbaycanın ən böyük siqaret istehsalçısı olan “Tabaterra” QSC-nin rəhbəri olan Elman Cavanşirin atası Feyziyev Bəşir Əyyub oğlu Şəki rayonun Böyük Dəhnə kəndində ona məxsus olan 4 hektar torpaqda əkin işləri görə bilmək üçün dövlətdən 200 manat yardım alıb.
Məlumat üçün bildirək ki, dövlətdən 200 manat yardım alan Bəşir Feyziyevin oğlu Elman Cavanşirin rəhbərlik etdiyi “Tabaterra Leaf” QSC ötən ilin oktyabr ayında təxminən 30 milyon xərcləyərək "Azərbaycan Sənaye Korporasiyası" ASC-yə məxsus, Zaqatala rayonunun Yuxarı Tala kəndində yerləşən "Azərtütün" ASC-nin səhmlərinin 85%-ni satın alıb.