Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişel Azərbaycanın 8 erməni hərbçini qarşı tərəfə təhvil verməsinə münasibət bildirib.
MilliYol.Az xəbər verir ki, Şarl Mişel bu barədə “Twitter”də yazıb.
Aİ lideri bildirib ki, bu, Azərbaycan Prezidenti İlham Əliyev, Fransa Prezidenti Emmanuel Makron və Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşdən sonra müsbət irəliləyişlərin daha bir göstəricisidir.
“Avropa İttifaqı regionda sabitlik və rifahı dəstəkləyir”, - Mişel vurğulayıb.
Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstandakı böhran üzrə xüsusi nümayəndəsi Toyvo Klaar da Azərbaycanın 8 erməni hərbçini Ermənistana təhvil verməsini alqışlayıb:
“Bu, ötən cümə günü Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın Baş naziri Nikol Paşinyan, Fransa Prezienti Emmanuel Makron və Aİ Şurası Prezidenti Şarl Mişel arasında keçirilən dördtərəfli görüşdən sonra mühüm humanitar jestdir”.
Qeyd edək ki, Azərbaycan humanizm prinsipini rəhbər tutaraq, 7 fevral 2022-ci il tarixdə 8 nəfər erməni əsilli hərbi qulluqçunu Ermənistan tərəfinə qaytarıb. Həmin şəxslərin bir qismi 2021-ci ilin 16 noyabr tarixində Ermənistan Silahlı Qüvvələrinin dövlət sərhədinin Kəlbəcər rayonu istiqamətində törətdiyi təxribatın qarşısı alınarkən saxlanılan hərbi qulluqçulardır.